Özəl investisiyalar Azərbaycan iqtisadiyyatının artımını sürətləndirəcək
Azərbaycan güclü suveren mövqeyə malikdir, lakin iqtisadi artımın sürətlənməsi üçün özəl investisiyaların aktivləşdirilməsi zəruridir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ING-nin Qafqaz, Mərkəzi Asiya və Rusiya ölkələri üzrə baş iqtisadçısı Dmitri Dolqin onlayn vebinar zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda neft hasilatı struktur olaraq azalır və özəl investisiyalar aktivləşdirilmədən iqtisadiyyatın potensial artımı təxminən 2-3 % təşkil edir.
D. Dolqin vurğulayıb ki, ölkənin maliyyə vəziyyəti möhkəmdir: suveren aktivlərin həcmi ÜDM-in 100 %-ni üstələyir, dövlət borcu son dərəcə aşağıdır və enerji daşıyıcılarının hazırkı yüksək qiymətləri həm büdcə, həm də xarici mövqeləri möhkəmləndirib.
"Hazırda əsas məsələ bu gücün yeni investisiya imkanlarına necə çevriləcəyidir", - iqtisadçı deyib.
Onun qiymətləndirməsinə görə, yeni investisiya imkanlarının formalaşmasında ticarət əlaqələri əsas rol oynayacaq. İqtisadçı qeyd edib ki, bütövlükdə Azərbaycan ənənəvi olaraq beynəlxalq maliyyə inteqrasiyasına deyil, ticarət əlaqələrinə üstünlük verib. Ticarət marşrutlarının - xüsusən də "Şərq-Qərb" dəhlizi boyunca və potensial olaraq daha sıx regional inteqrasiya hesabına, çox güman ki, investisiya imkanları da artacaq.
"İnvestorlar üçün bu, güclü suveren mövqenin qeyri-neft iqtisadiyyatının daha geniş inkişafını, özəl investisiyaların artımını və zamanla, bəlkə də, investisiya üçün əlverişli aktivlərin daha geniş bazarının formalaşmasını dəstəkləyib-dəstəkləməyəcəyini izləmək zərurəti deməkdir", - Dolqin qeyd edib.
Mənbə: baku.ws