Image

Metroda xətlərin ayrılması qaçılmazdır - ekspert

Bakı metrosunda mövcud xətlərin ayrılması və yeni keçid stansiyalarının tikintisi paytaxtda nəqliyyat kollapsının qarşısını almaq üçün vacibdir. Bunu nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, şəhər daxilində metro şəbəkəsindəki əsas problemlər həll edilmədən yeni sərnişin axınının cəlb olunması mövcud yükü daha da artıracaq.

“28 May” stansiyasında sərnişin axınlarının qarışması probleminin onilliklərdir davam etdiyini deyən Ağamirzəyev qeyd edib ki, mövcud sistem təhlükəsizlik riskləri yaradır və metro şəbəkəsi şəhərin böyümə tempinə uyğun inkişaf etməyib.

Ekspert bildirib ki, Bakı metrosunda üç xətt olmasına baxmayaraq, yalnız iki depo fəaliyyət göstərir və xətlərin ikisi eyni müstəvidə kəsişir. O, “İçərişəhər” stansiyasında dönmə kamerasının olmaması səbəbindən qatarların tuneldə gözləməli olduğunu deyib.

Ağamirzəyevin sözlərinə görə, xətlərin ayrılması layihəsi çərçivəsində “Dərnəgül” deposunun tikintisi davam edir və layihənin növbəti mərhələsində “28 May”dan “Nizami” istiqamətində hərəkətin təxminən doqquz ay müddətinə məhdudlaşdırılması planlaşdırılır.

Layihəyə əsasən, Nizami istiqamətindən gələn xətt Cəfər Cabbarlı stansiyası vasitəsilə Xətai ilə birləşdiriləcək. Bu, hazırda 28 May stansiyasında cəmlənən sərnişin axınının parçalanmasına və müxtəlif istiqamətlər üzrə bölüşdürülməsinə imkan verəcək.

Sonra ekspert bildirib ki, 2030-cu ilə kimi bənövşəyi xəttin şəhər mərkəzinə qədər uzadılması, sonra yaşıl xəttin davamı və bu layihə çərçivəsində on stansiyanın tikilməsi. Sonrakı hissə isə artıq Həzi Aslanov-Zıx, Yeni Günəşli-Qara Çuxur-Bakıxanov-Koroglu-Dərnəgül marşrutu üzrə dairəvi xəttin çevrilməsi vacibdir.

Onun sözlərinə görə, yeni keçid stansiyaları sərnişinlərə alternativ marşrutlar yaradacaq və xüsusilə “20 Yanvar” və “Koroğlu” kimi yüklənmiş nəqliyyat qovşaqlarındakı sıxlığı azaldacaq.

Ağamirzəyev həmçinin bildirib ki, Bakıda ictimai nəqliyyatın inkişafı yalnız metro ilə məhdudlaşmamalıdır. O, şəhərətrafı elektrik qatarlarının, tramvay sisteminin və avtobus şəbəkəsinin inteqrasiyasının vacibliyini vurğulayıb.

“Avtobus əsas daşıyıcı deyil, əlaqələndirici funksiyanı yerinə yetirməlidir,” o deyib.

Ağamirzəyev bildirib ku, bu layihələrin hazırlanmasında rəqəmsal əkiz texnologiyasından istifadə olunur. Müxtəlif məlumatlar əsasında simulyasiyalar aparılır, şəhər nəqliyyatına təsir imkanları qiymətləndirilir və iqtisadi baxımdan ən səmərəli həllər seçilərək tətbiq edilir. İndiyədək ayrılmış avtobus və mikromobillik zolaqları, eləcə də hərəkətin təşkilində edilən dəyişikliklər bu yanaşmanın nümunələridir. 

“2025-30-cu illər Dövlət proqramında nəzərdə tutulan dairəvi, radial və əlaqələndirici yolların, metro, dəmir yolu və tramvay şəbəkələrinin, həmçinin inteqrasiya olunmuş nəqliyyat qovşaqlarının yaradılması da data əsaslı qərarlar əsasında formalaşdırılıb”, - ekspert əlavə edib.

N.Təbrizli

Xəbər lenti

Faktiki hava açıqlanıb