SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
SOCAR və BP Azəri–Çıraq–Dərinsulu Günəşli (AÇG) yataqlar blokunda yekun neftvermə əmsalının 40%-dən yüksək ola biləcəyi barədə ortaq qənaətə gəlib. Bunu SOCAR-ın birinci vitse-prezidenti Babək Hüseynov bildirib.
Bu göstərici laylarda ilkin olaraq mövcud olan neftin bütün işlənmə dövrü ərzində çıxarıla biləcək payını ifadə edir. Hüseynov əvvəlki qiymətləndirmənin hansı səviyyədə olduğunu və yeni qiymətləndirmənin nə qədər əlavə neft hasilatına imkan verə biləcəyini açıqlamayıb.
Onun sözlərinə görə, şirkətlər yataqların xüsusiyyətlərini, neftin keyfiyyətini və mövcud infrastrukturu birgə təhlil etdikdən sonra bu qənaətə gəliblər. AÇG-də hasilat artıq pik həddini keçərək təbii azalma mərhələsinə daxil olsa da, yataqlar blokundan hələ milyardlarla barel neft çıxarıla bilər.
Hüseynov bildirib ki, SOCAR layihənin operatoru BP-yə ilkin mərhələdə potensial layihələri iqtisadi səbəblərə görə siyahıdan çıxarmamağı, əvvəlcə texniki baxımdan nələrin mümkün olduğunu müəyyənləşdirməyi təklif edib.
Bu yanaşma nəticəsində bir sıra texniki təkliflər hazırlanıb. Çıxışda konkret investisiya məbləğləri və həmin təkliflərin həyata keçirilməsi müddətləri açıqlanmayıb.
BP-nin dəqiqləşdirdiyi məlumata görə, AÇG-də neft hasilatının illik azalma tempi 2023-cü ildəki təxminən 12%-dən 2026-cı ilin noyabrına təxminən 3%-ə enib. Şirkət bunu SOCAR ilə birgə hasilatın dəstəklənməsi və neftvermənin artırılması üçün görülən tədbirlərlə əlaqələndirir.
2026-cı ilin yanvar–sentyabrda AÇG-də 17 quyu qazılıb tamamlanıb. Ötən ilin eyni dövründə bu rəqəm 11 olub. Şirkətlər həmçinin lay təzyiqini saxlamaq üçün su və qaz vurulmasından, qalan ehtiyatlara çıxışı yaxşılaşdırmaq üçün isə yeni qazma texnologiyalarından istifadə edirlər.
Mənbə: anews.az