Çörək süfrəyə çatana qədər neçə qayda pozulur? - Araşdırma
Azərbaycanda gündəlik istehlak olunan əsas ərzaq məhsullarından biri olan çörəyin istehsalı və satışı qanunvericiliklə tənzimlənsə də, onun daşınması və satışında gigiyenik qaydaların pozulması halları hələ də müşahidə olunur. Sosial şəbəkələrdə və gündəlik həyatda yayılan görüntülərdə çörəklərin açıq şəkildə, yük avtomobillərinin baqajlarında, kabinələrində gigiyenik tələblərə cavab verməyən şəraitdə daşındığı görünür.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son bir ildə çörəyin daşınması və satışı zamanı neçə qayda pozuntusunun aşkar edildiyinə dair sorğunu konkret statistika ilə cavablandırmayıb.
"Çörək gündəlik istehlak edilən məhsul olduğundan, agentlik tərəfindən bu sahədə mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar edilən müəssisələrdə zəruri tədbirlər görülür. İstehsal olunan çörəklərdən nümunələr götürülərək minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələrə cəlb olunur" - qurumdan anews.az-ın sorğusuna cavabda qeyd olunub.
Beləliklə, AQTA nəzarət tədbirlərinin aparıldığını təsdiqləsə də, neçə müəssisədə pozuntu aşkar edildiyi, buna görə nə qədər sahibkarın məsuliyyətə cəlb olunduğu və ya hansı inzibati tədbirlərin görüldüyü barədə statistik məlumat təqdim etməyib.
Qanun nə tələb edir?
Azərbaycanda çörək-bulka məmulatlarının satışı və təqdim olunması Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları" ilə tənzimlənir.
Qaydalara əsasən, istehlakçılara təqdim olunan çörəyin təhlükəsizliyi təmin edilməli, məhsulun çirklənməsinin qarşısı alınmalı və satış zamanı gigiyena normalarına əməl olunmalıdır.
Lakin praktikada bu tələblərin hər yerdə eyni səviyyədə icra olunmadığı müşahidə edilir.
Deputat bunu yolverilməz hal kimi qiymətləndirir...
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev hesab edir ki, çörəyin açıq şəkildə daşınması həm qanunvericiliyin, həm də sanitariya normalarının pozulmasıdır.
"Əlbəttə ki, çörəyin qablaşdırılması qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Əgər ona hansısa bir əl dəyirsə və ya qablaşdırılmamış , açıq şəkildə maşınlara, lazım olmayan nəqliyyat vasitələrinə yüklənirsə, bu, yolverilməzdir”- deputat bildirib.
Onun sözlərinə görə, gigiyenik qaydalara əməl olunmaması insanların sağlamlığı üçün ciddi risk yarada bilər.
"Müəyyən xəstəliklər var ki, bu çörək vasitəsilə insanlara sirayət edə bilər. Ona görə də bu məsələ qanunvericiliklə ciddi şəkildə tənzimlənir” – o əlavə edib.
Tahir Rzayev qeyd edir ki, məsuliyyət yalnız dövlət qurumlarının deyil, cəmiyyətin də üzərinə düşür.
"Biz açıq-aşkar görürük ki, bəzən çörəklər avtomobillərin baqajlarında, yük maşınlarında, hətta onların kabinalarında daşınır”, – Rzayev vurğulayıb.
Ekspert: Əsas problem açıq satış deyil, nəzarətin zəif olmasıdır
Qida eksperti Fərid Səfərov bildirir ki, qablaşdırılmamış çörəyin satışı uzun illərdir tətbiq olunur, lakin bu, məhsulun açıq şəkildə təqdim edilməsinə bəraət qazandırmır.
"Qablaşdırılmamış çörəyin satışı uzun illərdir davam edən bir təcrübədir, lakin bu məhsulun açıq şəkildə təqdim olunması gigiyena baxımından müəyyən risklər yaradır” – ekspert deyib.
Ekspert izah edir ki, əsas risk məhsulun müxtəlif mənbələrdən çirklənməsidir.
"Toz, öskürək, asqırıq zamanı yayılan damcılar, həmçinin çirkli əllərlə təmas məhsulun mikrobioloji çirklənmə riskini artırır” – o qeyd edib.
Fərid Səfərovun fikrincə, əsas problem qanunvericiliyin olmaması deyil, onun vahid şəkildə tətbiq edilməməsidir.
"Nəzarət mexanizmlərindəki əsas boşluqlardan biri satış nöqtələrinin hamısında gigiyena qaydalarına eyni səviyyədə riayət olunmamasıdır” – Səfərov əlavə edib.
Ekspert hesab edir ki, Azərbaycanda açıq çörək satışının tam qadağan olunmasından daha çox, satış qaydalarının sərtləşdirilməsi məqsədəuyğundur.
"Əsas məsələ məhsulun təhlükəsiz şəkildə təqdim edilməsidir” – o qeyd edib.
İstehlakçılar: Şikayətlər davam edir
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, təşkilata demək olar hər həftə çörəyin satışı ilə bağlı müraciətlər daxil olur.
"Çörəklərin satışındakı gigiyenik tələblərə əməl olunmaması ilə bağlı hər həftə 'Azad İstehlakçılar'a telefon zəngləri gəlir”, - ekspert deyib.
Eyyub Hüseynov bildirir ki, problemlərdən biri də çörəyin yarısının satışı ilə bağlıdır.
"Qanunvericiliyə görə vətəndaşın ixtiyarı var ki, çörəyin yarısını ala bilsin. Xüsusi masa olmalıdır, xüsusi bıçaq olmalıdır, lazım gəldikdə çörək gigiyenik qaydada kəsilməlidir. Çox təəssüf ki, bu məsələ hələ də tam həllini tapmayıb”- o bildirib.
Hüseynov hesab edir ki, bu sahədə AQTA nəzarəti daha da gücləndirməlidir.
"Qida Təhlükəsizliyi Agentliyi bu məsələdə vəziyyəti dəyişməlidir”, - Hüseynov əlavə edib.
Nur çörək zavodunun direktoru Zöhrab Cabbarov anews.az-a açıqlamasında bildirib ki, şirkət çörəyin daşınması ilə bağlı Nazirlər Kabinetinin bütün tələblərini yerinə yetirir.
AQTA vətəndaşlara nə tövsiyə edir?
Agentlik bildirir ki, qida təhlükəsizliyi ilə bağlı pozuntu halları aşkarlanarsa, vətəndaşlar bunu konkret faktlarla 1003 Çağrı Mərkəzinə bildirə bilərlər.
AQTA-nın məlumatına görə, daxil olan müraciətlər əsasında dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
Beynəlxalq təcrübə
Dünyanın əksər ölkələrində qablaşdırılmamış çörəyin satışı tam qadağan edilməyib. Lakin gigiyenik risklərin minimuma endirilməsi üçün ciddi qaydalar tətbiq olunur.
Almaniya, Fransa, Niderland, Belçika və digər Avropa ölkələrində çörək əsasən qapalı vitrinlərdə saxlanılır. Alıcı məhsula birbaşa toxunmur, çörək satıcı tərəfindən və ya xüsusi maşa vasitəsilə təqdim edilir.
İtaliya və İspaniya kimi ölkələrdə ənənəvi çörək dükanlarında açıq satış mövcud olsa da, məhsul mütləq qoruyucu vitrin arxasında saxlanılır və gigiyena qaydalarına ciddi riayət olunur.
Türkiyədə son illərdə çörəyin daşınması və satışı ilə bağlı tələblər sərtləşdirilib. Bir çox bələdiyyə açıq şəkildə çörək daşınmasına və satışına görə inzibati tədbirlər tətbiq edir. Marketlərdə isə çörəklər xüsusi qapalı rəflərdə saxlanılır, birdəfəlik əlcək və ya maşa ilə götürülməsi təmin edilir.
ABŞ və Kanada kimi ölkələrdə isə supermarketlərdə çörək adətən qablaşdırılmış satılır. Qablaşdırılmamış məhsullar isə xüsusi dispenser və ya qapalı vitrin sistemləri vasitəsilə istehlakçıya təqdim olunur.
Beynəlxalq təcrübə göstərir ki, əsas məqsəd açıq satışın tam qadağan edilməsi deyil, məhsulun istehsaldan istehlakçıya çatana qədər çirklənməsinin qarşısını almaqdır. Bu baxımdan, mütəxəssislər Azərbaycanda da diqqətin ilk növbədə çörəyin gigiyenik daşınmasına, qapalı şəraitdə saxlanılmasına, satış zamanı istehlakçının məhsulla birbaşa təmasının məhdudlaşdırılmasına və nəzarət mexanizmlərinin gücləndirilməsinə yönəldilməsinin daha səmərəli olacağını bildirirlər.
Gülnar Nazimqızı
Mənbə: anews.az