Ötən həftə 2300 hektardan çox ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə iyunun 29-dan iyulun 5-nə qədər 21 tank əleyhinə mina, 23 piyada əleyhinə mina, 259 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 2333.3 hektar ərazi minalardan təmizlənib.
ANAMA-nın statistikası göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Onlardan 34 996-sı piyada əleyhinə mina, 21 022-si tank əleyhinə mina, 118 999-u isə partlamamış hərbi sursat olub.
Qurumun məlumatına əsasən, müharibədən sonrakı dövrdə indiyədək 176 237 hektar ərazi mina təhlükəsindən təmizlənib.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə işlərini bərpa və yenidənqurma prosesinin əsas istiqamətlərindən biri hesab edir. Rəsmi statistikaya görə, Azərbaycanda mina qurbanlarının sayı 3 400 nəfəri ötür. Onlardan 359-u uşaq, 38-i isə qadındır.
Təkcə 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra mina partlayışları nəticəsində 382 nəfər zərər çəkib. Onlardan 55 nəfər həlak olub, 143 nəfəri isə mülki şəxslərdir.
Qlobal statistikaya əsasən, mina qurbanlarının 84%-ni mülki şəxslər təşkil edir. Mülki qurbanların 37%-i uşaqlar, ümumi mina qurbanlarının isə 81%-i kişilər və oğlan uşaqlarıdır.
Aytac
Mənbə: anews.az