ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) ölkə ərazisindəki bütün hava limanlarından uçuşlara qoyulan məhdudiyyətləri aradan qaldırıb.Bu barədə FAA-nın bildirişində deyilir.
“Bütün ölkə üzrə təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib”, - sənəddə qeyd olunub.
Məhdudiyyətlər dörd saatdan çox qüvvədə qalıb. Bu müddət ərzində 5 117 reys ləğv edilib, 9 814 reys gecikdirilib. Qadağa təxminən 1,5 milyon aviasərnişinə təsir edib.
Daha əvvəl FAA aviadispetçerlərin avadanlıqlarında yaranan nasazlıq səbəbindən ölkə üzrə bütün hava limanlarından uçuşları dayandırmışdı.
İdarə bildirmişdi ki, məhdudiyyət uçuşların idarə edilməsi sisteminin işinə təsir göstərən FAA avadanlığının sıradan çıxması ilə əlaqədardır.
ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin isə insidentin araşdırıldığını və hadisənin hücum olduğuna dair hər hansı əlamətin olmadığını bildirib.
“Hazırda bu, sadəcə telekommunikasiyanın işində yaranmış nasazlıqdır”, - nazir deyib.
Mənbə: anews.az