İspan futbolçunun ölümünə səbəb olan qapıçı belə cəzalandırıldı
İspaniyanın "Andorra" klubunun qapıçısı Xesus Ovono rəqib futbolçu Xesus de Miqelin ölümü ilə nəticələnən insidentə görə 12 oyunluq diskvalifikasiya edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "COPE" məlumat yayıb.
İspaniya Kral Futbol Federasiyasının (RFEF) intizam komitəsi qapıçının qaydaları pozduğunu müəyyən edib.
Bildirilib ki, 12 oyunluq cəza müvafiq maddə üzrə nəzərdə tutulan maksimum diskvalifikasiya müddətidir.
Xatırladaq ki, hadisə "Tenerife" və "Andorra" komandaları arasında keçirilən 12-ci tur matçında baş verib. Əlavə olunmuş vaxtın 7-ci dəqiqəsində Ovono meydanın mərkəzində De Miqeli yıxıb. Qapıçı qırmızı vərəqə ilə cəzalandırılıb, hücumçu isə huşunu itirərək xəstəxanaya çatdırılıb.
Məlumata görə, futbolçunun ürəyi və nəfəsalması təxminən 20 dəqiqə dayanıb. O, noyabrın 3-də səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Ovononun yaxınları onun rəqibinə qəsdən xəsarət yetirmək niyyətində olmadığını bildiriblər.
Mənbə: baku.ws