Image

Konqoda Ebola virusuna yoluxanların sayı 1561-ə çatıb

Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola yoluxmalarının sayı 1 561-ə, ölənlərin sayı isə 506-ya çatıb. Reuters xəbər verir ki, bu barədə ölkə hökuməti bazar günü axşam məlumat yayıb.

Son rəsmi göstəricilərə görə, 3 iyulda ölkədə 1 502 təsdiqlənmiş yoluxma və 473 ölüm qeydə alınıb.

Son üç gündə yoluxmaların sayı 59, ölüm halları isə 33 artıb. Epidemiya əsasən ölkənin şərqində yerləşən İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində yayılıb.

Epidemiya mayda başlayıb və Bundibuqyo növü Ebola virusu ilə əlaqələndirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin sərhədlərarası yayılma riski səbəbindən fövqəladə beynəlxalq səhiyyə vəziyyəti elan edib. Hazırda təsdiqlənmiş yoluxmaların böyük əksəriyyəti Konqo Demokratik Respublikasında qeydə alınsa da, virus Uqandaya da keçib və burada idxal olunmuş yoluxma halları təsdiqlənib.

ÜST qonşu ölkələr, o cümlədən Ruanda, Cənubi Sudan, Burundi və Anqola üçün də yüksək risk barədə xəbərdarlıq edib.

Mütəxəssislər bildirirlər ki, Ebola yüksək ölüm riski daşıyan virus xəstəliyidir və yoluxmuş şəxsin qanı, bədən mayeləri və ya bu mayelərlə çirklənmiş əşyalarla təmas nəticəsində yayılır.

Aytac Zeynalova

 

Mənbə: anews.az

Xəbər lenti