Zelenski Ceyhun Bayramovla görüşüb, Azərbaycana dəstəyə görə təşəkkür edib
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Zelenski bu barədə teleqram kanalında paylaşım edib. O bildirib ki, Ceyhun Bayramov Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri Ukraynaya səfər edən ilk Azərbaycan xarici işlər naziridir.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir genişmiqyaslı Rusiya işğalı başlayandan bəri ilk dəfədir ki, Ukraynaya səfər edir. O, səfərinə Azərbaycanın yardım göstərdiyi İrpen şəhərindəki məktəb, xəstəxana və reabilitasiya mərkəzinə baş çəkməklə başlayıb. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə gəlməyə və bizi dəstəkləməyə imkan tapdıqları üçün çox minnətdarıq. Xalqımızla həmrəyliyə görə təşəkkür edirəm", – Zelenski yazıb.
Ukrayna Prezidenti qeyd edib ki, görüş zamanı Ceyhun Bayramova Rusiyanın Ukraynaya endirdiyi zərbələr, Qara dənizdəki vəziyyət və taxıl dəhlizinin bloklanması barədə məlumat verib.
Tərəflər yüksəksəviyyəli diplomatik təmasları, müdafiə sahəsində əməkdaşlığı, eləcə də energetika, neft-qaz və kənd təsərrüfatı sahələrində iqtisadi əlaqələrin inkişafını müzakirə ediblər. Zelenski göstərilən humanitar və energetika yardımına, həmçinin Azərbaycanla aparılan konstruktiv dialoqa görə rəsmi Bakıya təşəkkürünü ifadə edib.
Mənbə: anews.az