Cənubi Koreya Ayda SpaceX raketinin toqquşma yerinin fotolarını yayımlayıb
Cənubi Koreyanın Aerokosmik Agentliyi (KASA) SpaceX-in Falcon 9 raketinin yuxarı pilləsinin Ay səthinə çırpılmasından əvvəl və sonra çəkilmiş fotoları yayımlayıb.
KASA bildirib ki, şəkillər Cənubi Koreyanın Danuri Ay orbital aparatı tərəfindən çəkilib. Agentliyin məlumatına görə, toqquşma zamanı Danuri hadisə yerinə ən yaxın mövqedə olub və nəticədə yaranan dəyişiklikləri qeydə ala bilib.
SpaceX-in Falcon 9 raketlərinin birinci mərhələsi təkrar istifadə üçün Yerə qayıtsa da, yuxarı pillələr adətən kosmosda qalır. Məhz bu yuxarı pillələrdən biri saatda təxminən 9 min kilometr sürətlə hərəkət edərkən Ayın səthinə çırpılıb.
Hadisə Yer üçün heç bir təhlükə yaratmasa da, astronomlar bunu kosmik zibil probleminə diqqət çəkmək üçün növbəti nümunə kimi qiymətləndiriblər.
Kembric Universitetinin astronomu Mett Botvel bildirib ki, kainat getdikcə daha çox obyektlə dolur və bu tendensiya davam edərsə, bir neçə onillikdən sonra kosmik tullantılar səbəbindən Yer orbitinə çıxışın xeyli çətinləşməsi mümkündür.
Gülnar
Mənbə: anews.az