Pakistan Prezidenti: Azərbaycan etibarlı qardaş ölkə və strateji tərəfdaşdır
Pakistan Azərbaycanı strateji tərəfdaş kimi yüksək qiymətləndirir və iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Bu barədə Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovla diplomatik missiyasını başa vurması ilə əlaqədar keçirilən vida görüşündə bildirib. Zərdari Azərbaycanın Pakistan üçün “etibarlı qardaş ölkə və strateji tərəfdaş” olduğunu deyib. Onun sözlərinə görə, qarşılıqlı etimada və tərəflərin əsas maraqlarına qarşılıqlı dəstəyə söykənən ikitərəfli münasibətlər möhkəmlənməkdə davam edir.
Pakistan Prezidenti ticarət və investisiyalar, nəqliyyat əlaqələri, informasiya texnologiyaları, turizm və iqlim dəyişikliyi ilə mübarizə sahələrində əməkdaşlığın konkret nəticələrə çevrilməsinin vacibliyini vurğulayıb. O, həmçinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə sadiqliyini təsdiqləyib.
Zərdari Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin iyulunda Pakistana dövlət səfərinin ikitərəfli münasibətlərdə yeni mərhələ açdığını bildirib və səfərin təşkilində Xəzər Fərhadovun rolunu yüksək qiymətləndirib.
Azərbaycan və Pakistan siyasi və müdafiə sahələrində sıx əməkdaşlıq edir. Son illərdə tərəflər iqtisadi əlaqələri də genişləndirməyə çalışır, xüsusilə qarşılıqlı investisiyalar, ticarət, enerji və nəqliyyat sahələrinə diqqət artırılır.
Mənbə: anews.az