Image

Maradonanın ölümündən əvvəl dediyi son sözlər açıqlanıb

Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümündən bir gün əvvəl masaj terapevti Nikolas Taffarelə dediyi son sözlər məhkəmədə açıqlanıb.

Taffarel Maradonanın ölümü ilə bağlı Buenos-Ayresdə keçirilən məhkəmə prosesində bildirib ki, futbolçunu sonuncu dəfə 24 noyabr 2020-ci ildə görüb və həmin vaxt onun səhhəti ciddi şəkildə pisləşmişdi.

“Heç nə istəmirəm, vəssalam”, – Taffarelin sözlərinə görə, Maradonanın ona dediyi son sözlər bunlar olub.

O bildirib ki, həyatının son iki həftəsində Maradona günlərlə yataqdan qalxmır, yemək, çimmək, paltarını dəyişmək və hətta masaj olunmaq istəmirdi. Taffarel futbolçunun vəziyyəti ilə bağlı onun şəxsi həkimi Leopoldo Lukeyə dəfələrlə xəbərdarlıq etdiyini deyib. Onun sözlərinə görə, həkimə Maradonanın “tamamilə şişdiyini” və “26 saatdır yatdığını” bildirərək gəlməsini istəyib. Luke isə vəziyyətin normal olduğunu və şişkinliyin azalacağını bildirib.

Məhkəmədə həmçinin Maradonanın ölümündən əvvəl sidikqovucu dərmanının dayandırılması məsələsi müzakirə olunub. Taffarel bu qərarın həkimlər tərəfindən verildiyini desə də, proses zamanı qərarın kim tərəfindən və hansı tibbi əsasla qəbul edilməsi ilə bağlı ziddiyyətli ifadələr səsləndirilib.

: Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. İlkin autopsiya onun xroniki ürək çatışmazlığının yaratdığı kəskin ağciyər ödemindən öldüyünü göstərib. Futbolçunun son günlərində ona göstərilən tibbi yardım və mümkün səhlənkarlıq onun ölümü ilə bağlı cinayət işinin əsas mövzusudur.

Mənbə: anews.az

Xəbər lenti

Brent bahalaşdı