Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Rusiya və Almaniya arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı rəsmi danışıqlar aparılmır. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə müsahibəsində deyib.
Qaluzinin sözlərinə görə, Moskva ilə Berlin arasında münaqişənin tənzimlənməsi ilə bağlı “heç bir rəsmi əlaqə olmayıb və yoxdur”. O, Almaniya rəhbərliyinin “aqressiv anti-Rusiya ritorikası və praktik addımlarını” nəzərə alaraq belə təmasların gələcəkdə mümkünlüyünün də az olduğunu bildirib.
Bununla yanaşı, nazir müavini Rusiya və Almaniyadakı müxtəlif ictimai strukturların nümayəndələri arasında qeyri-rəsmi görüşlərin keçirildiyini və bu əlaqələrin davam etdiyini qeyd edib.
Rusiya ilə Almaniya arasında münasibətlər 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra kəskin şəkildə pisləşib. Berlin Ukraynaya hərbi, maliyyə və siyasi dəstək verən əsas Avropa ölkələrindən biridir.
Azərbaycan Prezidenti İlham Əliyev daha əvvəl Rusiya və Almaniya nümayəndələri arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Bakıda təmasların keçirildiyini açıqlamışdı.
Rəsmi Bakı mövzu ilə bağlı hər hansı bir şərh verməyib.
Gülnar Nazimqızı
Mənbə: anews.az