Azərbaycanın bir sıra ölkələrdəki səfirləri vəzifələrindən geri çağırılıb
Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri vəzifələrindən geri çağırılıb, Polşadakı səfir vəzifəsinə yeni təyinat həyata keçirilib.
Dövlət başçısının sərəncamı ilə Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Digər sərəncamla Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla yanaşı, İsgəndərov Azərbaycanın İsveçrə Konfederasiyasında, eləcə də Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
Prezidentin digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.
Bundan başqa, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Mənbə: anews.az