Ukraynada qadınların hərbi səfərbərliyi təklif olundu
Ukrayna Nazirlər Kabinetinin saytında övladı olmayan əmək qabiliyyətli qadınların hərbi səfərbərliyə cəlb edilməsini nəzərdə tutan petisiya yerləşdirilib.Bu barədə “RBC Ukraine” xəbər.
Avqustun 10-da qeydiyyata alınan petisiyada sağlamlıq imkanları məhdud şəxslər və möhlət hüququ olanlar istisna olmaqla, övladı olmayan əmək qabiliyyətli qadınların hərbi mükəlləfiyyətə cəlb edilməsi təklif olunur.
Petisiyanın müəllifi təşəbbüsü vətəndaşların qanun qarşısında bərabərliyi və müharibə dövründə vəzifələrin ədalətli bölüşdürülməsi zərurəti ilə əsaslandırıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko isə qadınların səfərbərliyə cəlb olunması ilə bağlı planların olmadığını bildirib.
“Heç bir qadının səfərbərliyi planlaşdırılmır. Həmçinin üç uşaq ataları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur”, – Kovalenko bildirib.
Avqustun əvvəlində Ukrayna hökumətinin saytında üç və daha çox övladı olan kişilərin səfərbərlikdən avtomatik möhlət hüququnun ləğv edilməsini təklif edən petisiya də yerləşdirilmişdi. Ukrayna rəsmiləri bu istiqamətdə dəyişikliklərin nəzərdə tutulmadığını bildiriblər.
Mənbə: anews.az