Ermənistan yeni doğulan uşaqlara 500 min dram müavinət verəcək
Ermənistanda uşağın doğulması ilə bağlı dövlət dəstəyi analıq müavinəti, birdəfəlik doğum müavinəti, iki yaşına qədər uşağa qulluq müavinəti, ailədə üçüncü və sonrakı uşaqların doğulmasına görə aylıq 50 min dram (təxminən 215 manat) müavinəti, eləcə də ipoteka krediti ödəyən ailələr üçün maliyyə yardımını əhatə edir.
İşləməyən şəxslər də analıq müavinəti almaq hüququna malikdir. İşsizlər üçün müavinətin məbləği 172 698 dram (təxminən 742 manat), işləyən şəxslər üçün isə orta aylıq əməkhaqqı əsasında hesablanır. Nazirlik bildirir ki, müavinət üçün ayrıca ərizə və sənəd təqdim etmək tələb olunmur.
1 sentyabr 2026-cı ildən doğulan uşaqlar üçün birdəfəlik doğum müavinəti 500 min dram (təxminən 2 150 manat) təşkil edəcək. Müraciət onlayn və ya Vahid Sosial Xidmətin regional mərkəzləri vasitəsilə mümkündür.
İki yaşına qədər uşağa qulluq müavinəti baxım məzuniyyətində olmayan valideyn üçün aylıq 31 600 dram (təxminən 136 manat), məzuniyyətdə olan valideyn üçün 37 500 dram (təxminən 161 manat) təşkil edir. Kənd yaşayış məntəqəsində qeydiyyatda olan və müəyyən şərtlərə cavab verən valideynlər üçün ödəniş aylıq 69 100 drama (təxminən 297 manat) çatır.
Ailədə üçüncü və sonrakı uşağın doğulmasına görə aylıq 50 min dram (təxminən 215 manat) məbləğində müavinət uşağın altı yaşı tamam olana qədər ödənilir.
Nazirliyin məlumatına görə, aktiv ipoteka krediti olan ailələr də dövlət dəstəyindən yararlana bilər. Uşağın doğulmasından sonra kreditin əsas məbləğinin ödənilməsinə birdəfəlik maliyyə yardımı göstərilir.
Bu yardım ailədə birinci və ya ikinci uşağın doğulması halında 500 min dramadək (təxminən 2 150 manat), üçüncü və sonrakı uşaqların doğulması halında isə 2 milyon dramadək (təxminən 8 600 manat) təşkil edir. Yardımdan yararlanmaq üçün uşağın bir yaşı tamam olana qədər kredit verən banka və ya kredit təşkilatına müraciət etmək tələb olunur.
Gülnar Nazimqızı
Mənbə: anews.az