Prezident Naxçıvan Sənaye Parkının təməlini qoyub - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına və birinci xanıma park barədə məlumat verib.
Bildirilib ki, Naxçıvan Sənaye Parkı Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı fərmanla yaradılıb. Parkın ərazisində mərhələli şəkildə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati və sosial obyektlərin yaradılması nəzərdə tutulur.
Naxçıvan şəhərinin cənub-qərbində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşəcək park 310 hektar ərazini əhatə edəcək.
Hazırda parka potensial sahibkarların cəlb olunması ilə bağlı bir sıra layihələr üzrə danışıqlar aparılır.
Azərbaycanda hazırda səkkiz sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam, Hacıqabul, "Araz Vadisi İqtisadi Zonası" və Balaxanı sənaye parklarıdır.
Bundan əlavə, Gəncə və Şəmkirin inzibati ərazilərində yaradılması nəzərdə tutulan Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi davam edir.
Sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb. Onlardan 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya yatırılıb və 11,5 mindən çox iş yeri yaradılıb.
2026-cı il iyulun 1-nə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib. Bunun 6,7 milyard manatlıq hissəsi ixrac olunub.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərində ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.
Energetika naziri Pərviz Şahbazov layihələr barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, gücü 25 MVt olan “Şəms 1” Günəş Elektrik Stansiyası 52 hektar ərazidə inşa edilir. Layihəni “CEİ Naxçıvan” MMC həyata keçirir və indiyədək 10 MVt gücündə günəş panellərinin quraşdırılması başa çatdırılıb.
Tikinti-quraşdırma işlərinin noyabrda yekunlaşdırılması, şəbəkə infrastrukturunun inşasından sonra isə stansiyanın istismara verilməsi planlaşdırılır. Hazırda layihədə 218 nəfər çalışır.
Stansiyanın illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi, 19 minə yaxın ev təsərrüfatını enerji ilə təmin edəcəyi gözlənilir. Layihə nəticəsində ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.
Prezident İlham Əliyevə və Mehriban Əliyevaya “CEİ Naxçıvan” MMC-nin daxil olduğu AGEC şirkətlər qrupunun Azərbaycanda həyata keçirdiyi digər layihələr barədə də məlumat verilib.
Dövlət başçısı və birinci xanım daha sonra gücü 25 MVt olan “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasında görülən işlərlə tanış olublar.
Məlumata görə, stansiyanın tikintisini “Enerso” MMC həyata keçirir. Topoqrafik işlər başa çatdırılıb, geoloji tədqiqatlar isə davam edir. Tikinti işlərinə ilin sonunadək başlanılması planlaşdırılır.
Layihənin 50 hektar ərazidə həyata keçirilməsi nəzərdə tutulur. Stansiyanın illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi və 21 minə yaxın ev təsərrüfatını enerji ilə təmin edəcəyi gözlənilir.
Layihənin ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısını alacağı və 12 milyon kubmetr təbii qaza qənaət edəcəyi proqnozlaşdırılır.
Ümumilikdə Naxçıvanda günəş elektrik stansiyalarının tikintisi üçün 688 hektar ərazi bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.
Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 2 070 MVt təşkil edir. Bunun 108 MVt-ı, yaxud 5,2 faizi Naxçıvanın payına düşür. “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarının istismara verilməsi ilə Naxçıvanda bu göstəricinin 158 MVt-a çatacağı gözlənilir.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərinin mərkəzində ucaldılan Heydər Əliyev abidəsini ziyarət ediblər.
Prezident və xanımı abidənin önünə gül dəstələri qoyaraq Heydər Əliyevin xatirəsini yad ediblər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



Mənbə: anews.az