ANAMA: azad edilmiş ərazilərdə 298 min hektardan çox ərazi minalardan təmizlənib
2020-ci ildə 44 günlük müharibənin başa çatmasından sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 298 min hektardan çox ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib. Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı bildirib. Süleymanovun sözlərinə görə, ANAMA və minatəmizləmə fəaliyyətinə cəlb olunan digər qurumlar bu müddətdə 260 mindən çox mina və digər partlayıcı müharibə qalıqlarını zərərsizləşdirib. “Azad edilmiş ərazilərdə şəhərlərin bərpası tikinti ilə deyil, torpaqların təhlükəsiz vəziyyətə gətirilməsi ilə başlayır”, - Süleymanov bildirib. O qeyd edib ki, 2020-ci ilin noyabrından etibarən aparılan minatəmizləmə işləri azad edilmiş ərazilərin yenidən qurulması ilə birbaşa əlaqələndirilib. Bu dövrdə yaşayış və infrastruktur layihələri üçün 103 min hektardan çox ərazi təmizlənərək istifadəyə verilib. Süleymanovun sözlərinə görə, bu, yeni yaşayış məntəqələrinin, ev və yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, ictimai obyektlərin və digər zəruri infrastrukturun tikintisinə imkan yaradıb. ANAMA rəhbəri bildirib ki, yolların çəkilməsi, su və enerji xətlərinin qurulması, kənd təsərrüfatı torpaqlarının istifadəyə qaytarılması və əhalinin yaşayış məntəqələrinə qayıdışı üçün humanitar minatəmizləmə bərpa prosesinin ilkin mərhələsidir. Gülnar Nazimqızı
Mənbə: anews.az