Vergi Xidməti bloqer və influenserlər üçün xüsusi fəaliyyət kodu tətbiq etdi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadi fəaliyyət növlərinin təsnifatına yeni kateqoriya — "Rəqəmsal platforma təsirçisi" kodunu daxil edib.
Qurumun məlumatına görə, qərar sosial şəbəkələr və rəqəmsal platformalar üzərindən reklam, marketinq, kontent yaradılması və canlı yayımlar vasitəsilə gəlir əldə edən şəxslərin sayının artması fonunda qəbul edilib. Təqdim olunan yeni iqtisadi fəaliyyət kodu (6312003) bloqer və influenserlərin fəaliyyətini ayrı təsnifat üzrə uçota almağa, vergi uçotunda şəffaflığı artırmağa və dolğun statistika formalaşdırmağa imkan verəcək.
Vergi orqanı bu sahədə fəaliyyət göstərən şəxslərə qeydiyyatdan keçərkən qanunvericiliyin tələblərinə uyğun olaraq həmin kodu seçməyi tövsiyə edib.
Mənbə: anews.az