Image

Özəl bağçalara cəlb olunan uşaqların sayı 12 minə çatdırılacaq

Azərbaycanda valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının gələn il 12 minə çatdırılması planlaşdırılır. Bu məqsədlə 2027-ci ilin dövlət büdcəsində 37,5 milyon manat vəsait nəzərdə tutulub. Bunu təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.

Onun sözlərinə görə, hazırda bu model çərçivəsində 8 min uşaq özəl məktəbəqədər təhsil müəssisələrinə cəlb edilib.

Nazir müavini qeyd edib ki, xidmət özəl müəssisələr tərəfindən göstərilir, təhsil haqqının 70 faizi isə dövlət tərəfindən ödənilir. Mövcud tariflərə əsasən, Bakıda hər uşaq üçün aylıq ödəniş 300 manat, maksimum 350 manat, regionlarda isə 250 manat təşkil edir.

Kərimzadənin sözlərinə görə, 2030-cu ilədək bu təşəbbüslə 30 min uşağın əhatə olunması nəzərdə tutulur.

O bildirib ki, islahatın iqtisadi təsiri də olacaq. Belə ki, təşəbbüs tam həyata keçirildiyi təqdirdə ayrılan vəsaitin bir hissəsi dövlət büdcəsinə və fondlara geri qayıdacaq.

“Əgər bu islahatı biz tam olaraq yerinə yetirsək, 18 milyon manat Dövlət Sosial Müdafiə Fonduna, 12 milyon manat isə Dövlət Vergi Xidmətinə vergi gəlirləri olaraq qayıdacaqdır”, - nazir müavini bildirib.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır