Image

500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib

Azərbaycanda 2026-cı ilin ilk 10 ayında 500-ə yaxın qadın sahibkara investisiya layihələrinin maliyyələşdirilməsi üçün 22 milyon manatdan çox güzəştli kredit ayrılıb. Bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov bildirib.

Onun sözlərinə görə, kreditlər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, akvakultura, turizm və xidmət sahələrindəki layihələrə yönəldilib. Layihələrin əhəmiyyətli hissəsinin regionlarda həyata keçirilməsi yerli məşğulluğa və iqtisadi fəallığa töhfə verib.

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanda fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 363 mindən, təsisçisi qadın olan kommersiya hüquqi şəxslərin sayı 34 mindən, rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 30 mindən çoxdur.

Bayramov bildirib ki, İqtisadiyyat Nazirliyinin xətti ilə qadın sahibkarlara qrantlar ayrılır, innovasiya fəaliyyəti ilə məşğul olanlara isə gəlir və mənfəət vergisindən azadolma imkanı verən startap şəhadətnamələri təqdim olunur. Bundan başqa, 1 000-dən çox qadın sahibkarın yerli və beynəlxalq sərgilərdə, yarmarkalarda və ticarət şəbəkələrində iştirakına dəstək göstərilib.

O, qadınların rəqəmsal bacarıqlarının artırılması istiqamətində görülən işlərə də toxunub. Bildirib ki, 2025-ci ilin aprelindən indiyədək qadınlar tərəfindən 70 mindən çox onlayn təlim tamamlanıb. Maşın öyrənməsi və data analitikası üzrə təlimlərdə qadınların payı 42%-dən 59%-ə yüksəlib.

Nazir müavini son beş ildə ümumi qəbul planında dövlət sifarişli yerlərin xüsusi çəkisinin təxminən 50%-ə çatdığını da bildirib. Onun sözlərinə görə, bu, vətəndaşların ödənişsiz ali təhsil imkanlarının genişlənməsinə xidmət edir.

Bayramov elmi nəticələrin iqtisadiyyata tətbiqini stimullaşdırmaq məqsədilə 2027-ci ildən texnologiya parklarının rezidentləri üçün 20 illik vergi güzəştləri paketinin tətbiq olunacağını, vençur və qrant fondları üçün yaradılmış hüquqi çərçivənin isə innovativ layihələrin investisiya kapitalı hesabına maliyyələşməsinə imkan verəcəyini vurğulayıb.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır