Image

Deputat dərsliklərlə bağlı hesabat verilməsini istəyib

Milli Məclisin deputatı Elnarə Akimova dərsliklərin hazırlanması və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı ətraflı və şəffaf hesabatların təqdim olunmasını, həmçinin dərsliklərin qiymətləndirilməsi üçün ekspertiza komissiyasının yaradılmasını təklif edib.

Deputat bildirib ki, dərsliklərdəki qüsurlar valideynlər, müəllimlər və mütəxəssislər arasında narahatlıq doğurur və aidiyyəti qurumlar, xüsusilə Elm və Təhsil Nazirliyi bu tənqidlərə münasibət bildirməli, problemin həllinə yönəlmiş mövqe ortaya qoymalıdır.

“Valideynlər, müəllimlər və mütəxəssislər həyəcan təbili çalırlar. Məncə, aidiyyəti qurumlar, xüsusilə Təhsil Nazirliyi səviyyəsində bu haqlı tənqidlərə adekvat reaksiya, sağlam izahat və ya məsələnin həllinə yönəlmiş bir yanaşma qoyulmalıdır, mövqe ifadə olunmalıdır”, - Akimova qeyd edib.

O bildirib ki, dərsliklərin hazırlanması, nəşri və təkmilləşdirilməsi üçün hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Deputatın fikrincə, dərsliklər uşaqlara düzgün tarix, milli kimlik və ana dilini aşılayan, ölkənin gələcək təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan vasitədir.

“Hardasa ciddi bir nəzarət boşluğu var və bu vəsaitlər daha səmərəli və daha məqsədyönlü xərclənməlidir”, – deputat vurğulayıb.

Akimova parlamentdə Elm və Təhsil Nazirliyi və müvafiq qurumların iştirakı ilə mütəmadi ictimai dinləmələrin keçirilməsini, dərsliklərin hazırlanması və nəşrinə ayrılan vəsaitlərin xərclənməsi barədə komitəyə şəffaf hesabatların təqdim olunmasını təklif edib.

O, həmçinin dərsliklərin məzmununun qiymətləndirilməsi üçün ekspertiza komissiyasının yaradılmasının vacibliyini bildirib. Deputatın sözlərinə görə, bu prosesdə tanınmış alimlərin, mütəxəssislərin və ziyalıların real iştirakı təmin edilməlidir.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır