Vətəndaşların sosial problemləri qurumlar arasında həll olunmamış qalır - deputat
Milli Məclisin deputatı Razi Nurullayev ayrı-ayrı nazirlik və dövlət qurumları üçün çətin vəziyyətə düşən vətəndaşlara yardım məqsədilə ehtiyat vəsaitlərin nəzərdə tutulmasını təklif edib. Bu barədə deputat 2027-ci ilin büdcə müzakirələri zamanı çıxışında deyib.
Deputat bildirib ki, vətəndaşların sosial problemlərinin həlli ilə bağlı müraciətləri bir dövlət qurumundan digərinə göndərilir, lakin nəticədə məsələ həll olunmamış qalır. Onun sözlərinə görə, qurumlar bir sıra hallarda büdcədə müvafiq vəsait nəzərdə tutulmadığını əsas gətirərək vətəndaşlara yardım edə bilmədiklərini bildirirlər.
“Belə görünür ki, burada bir halqa yaranır. Yəni vətəndaşın problemi var və bu problemin həlli üçün halqa heç cür açıla bilmir. Məktub dövriyyəsi yaranır”, - Nurullayev qeyd edib.
Deputatın sözlərinə görə, sənədlərin qaydasında olmaması, vaxtında müraciət edilməməsi və ya yardımın konkret şəxs üçün nəzərdə tutulmaması kimi səbəblər vətəndaşların dövlət dəstəyindən yararlanmasına mane olur. O, qəza keçirən, xəstələnən, təbii hadisələr nəticəsində çətinliyə düşən, mənzili olmayan və tək yaşayan şəxslərin problemlərinə diqqət çəkib.
“Bilirəm ki, əvvəllər belə bir vəsait var idi, müəyyən ehtiyat fondları nəzərdə tutulurdu dövlət orqanlarında və onlar həmin vəsaitlərdən həmin şəxslərin problemlərinin həlli üçün kömək edirdilər. İndi artıq belə vəsaitlər, mənə belə gəlir ki, yoxdur, vəsaitlər nəzərdə tutulmur və şablon olaraq hər bir vətəndaşa deyilir ki, büdcəmizdə bu nəzərdə tutulmayıb və kömək edə bilmərik”, - deputat bildirib.
O, həmçinin qurumların büdcə təqdimatlarında hansı sosial qruplara və hansı istiqamətlər üzrə nə qədər yardım göstərildiyi barədə məlumat verməsini təklif edib.
Mənbə: anews.az