Yaxşı olar ki, qurumlar bu vəsaitin hara xərclədiyi barədə məlumat versin - deputat
Məişət zorakılığı ilə mübarizə çərçivəsində dövlət qurumlarına ayrılan vəsaitlərin hansı məqsədlərə xərcləndiyi və görülən işlərin nəticələri barədə ictimaiyyətə hesabat verilməlidir. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə büdcə müzakirələri zamanı bildirib.
Deputat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin büdcə vəsaitlərinin azaldılmasının səbəbləri ilə də maraqlanıb.
O qeyd edib ki, məişət zorakılığı, təhsildən yayınma və məktəblərdə psixoloqların fəaliyyəti kimi məsələlər daim diqqətdə saxlanılmalıdır.
“Çox yaxşı olardı ki, burada bir az məsuliyyəti artırmaq üçün dövlət qurumlarının da bir məsuliyyətini hiss edək. Bu qurumlar ayrılan vəsaitdən hansı formada istifadə etdiklərini göstərsinlər”, - Hüseynova deyib.
Deputatın sözlərinə görə, Azərbaycanda məişət zorakılığı ilə bağlı mühüm qanunlar qəbul edilsə də, onların icra mexanizmlərinin necə işlədiyi də qiymətləndirilməlidir.
“Yaxşı olardı ki, hər bir dövlət qurumu öz fəaliyyəti barədə hesabat versin və desin ki, bu istiqamətdə hansı dəyişikliklər var. Onda bunun çox yaxşı nəticəsi olacaq, məsuliyyət artacaq”, – o bildirib.
Hüseynova dövlət proqramlarının icrası ilə bağlı qurumların hər il təqdim etdiyi hesabatlarda ayrılmış vəsaitlərin xərclənməsi və əldə olunan nəticələrin konkret göstəricilərlə əks olunmasının vacibliyini vurğulayıb.
Mənbə: anews.az