Image

Fermer 4 manat subsidiya almaq üçün 500 heyvan saxlamalıdır - deputatdan irad

Milli Məclisin deputatı Vasif Qafarov iri buynuzlu heyvandarlıq üzrə subsidiya almaq üçün tələb olunan minimum 50 baş cins və ya 100 baş mələz heyvan şərtinin ləğvini, əvəzində fermerlərin təsərrüfatlarının ölçüsünə uyğun pilləli dəstək sisteminin tətbiqini təklif edib.

Deputat bildirib ki, sentyabrın 7-də Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni dövlət dəstəyi mexanizmləri kiçik və orta fermer təsərrüfatlarının imkanlarını nəzərə almır.

Onun sözlərinə görə, mövcud tələblər xüsusilə Lerik və Astara rayonlarında heyvandarlıqla məşğul olan kəndlilərin subsidiyalardan yararlanmasını çətinləşdirir.

“İntensiv iri buynuzlu cins heyvandarlığın təşviqi üçün heyvan başına 500 manatdan 1500 manatadək yeni dəstək mexanizmi elan olunsa da, fermer qarşısında minimum 50 baş cins və ya 100 baş mələz heyvan tələbi qoyulub. Eyni yanaşma xırda buynuzlu heyvandarlığa da şamil edilib. Cəmi 4 manatlıq subsidiyanı almaq üçün fermerin azı 500 baş heyvana və 100 hektar örüş-otlaq sahəsinə sahib olması şərti qoyulub”, - Qafarov deyib.

Deputatın fikrincə, bu meyarlar kiçik və orta kəndli təsərrüfatlarını dövlət dəstəyindən kənarda qoyur.

“Dövlət dəstəyi faktiki olaraq yalnız iri aqroparklara və böyük biznesə yönəlir, belə çıxır ki, dövlət dəstəyini ona ən çox möhtac olan kəndli deyil, böyük biznes subyektləri alacaqdır”, – o bildirib.

O, həmçinin xırda buynuzlu heyvandarlıq üzrə subsidiya almaq üçün tələb olunan 100 hektar örüş-otlaq sahəsi şərtinin ləğvini, minimum 500 baş heyvan tələbinin isə 10–20 başadək azaldılmasını təklif edib.

Deputat hesab edir ki, yeni subsidiya mexanizmi əsasən kiçik və orta təsərrüfatları dəstəkləməli, kəndliləri kənd təsərrüfatında fəaliyyətlərini davam etdirməyə və təsərrüfatlarını genişləndirməyə təşviq etməlidir.

Mənbə: anews.az

Xəbər lenti

Sumqayıtda yol çöküb

Payız tətili başlayır