"1993: Bir xalqın yenidən doğuluşu"
Hər bir xalqın tarixində elə dönüş nöqtələri olur ki, həmin anlarda ortaya çıxan liderlər millətin taleyini dəyişir. Heydər Əliyev məhz belə bir şəxsiyyət idi. XX əsrin sonlarında müstəqilliyini yenidən qazanan Azərbaycan tezliklə onu itirmək təhlükəsi ilə üzləşdi. 1991-1993-cü illər arasında ölkədə siyasi xaos, anarxiya və hərc-mərclik hökm sürürdü. Hakimiyyətə rəhbərlik edən şəxslərin dövlətçilik təcrübəsinin və siyasi uzaqgörənliyinin olmaması ölkəni dərin böhrana sürükləmişdi.
1993-cü il 4 iyun hadisələri ilə bu böhran kulminasiya nöqtəsinə çatdı. Dövlətçiliyin, milli varlığın belə təhlükəyə düşdüyü bir zamanda Azərbaycan xalqı çıxış yolunu Heydər Əliyevdə gördü. AXC-Müsavat iqtidarı da yaranmış vəziyyətin ağırlığını dərk edərək ona müraciət etməyə məcbur oldu.
İYUN HADİSƏLƏRİ – ANARXİYA, HƏRC-MƏRCLİK, XAOS XX əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşamış və xarici müdaxilə nəticəsində süquta uğramışdısa, bu dəfə yenə iki ildir müstəqilliyini bərpa edən Azərbaycan Respublikası maraqlı xarici qüvvələrlə yaxından əməkdaşlıq edən daxilimizdəki xəyanətkarların əməlləri nəticəsində azadlığını itirməklə yanaşı, həm də parçalanmaq, yox olmaq, xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyət o həddə çatmışdı ki, müəyyən dağıdıcı dairələr ölkəmizin bəzi regionlarını necə ələ keçirmək barədə düşünürdü.
Təbii ki, bu kimi dəhşətli proseslərin baş verməsinin əsaslı səbəbləri var idi. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il
ərzində ölkəni elə bir bərbad vəziyyətə salmışdı ki, bəzi beynəlxalq siyasi şərhçilərin dediyi kimi, artıq müstəqilliyimizi ancaq möcüzə xilas edə bilərdi. O vaxt Azərbaycan, demək olar ki, dağılırdı. Respublikada qanunsuz silahlı quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, parçalanırdı. Əhalinin ərzaq, xüsusilə çörək qıtlığı ilə üz-üzə qalması, daxili sabitliyin pozulması, həqiqəti söyləyən alimlərin, ziyalıların təqib edilməsi, “sadvalçıların” “əlikramçılarla” separat sövdələşmələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinin iflic vəziyyətinə düşməsi, kənd təsərrüfatının, sənayenin tənəzzülü, ölkəyə ərzaq taxılı əvəzinə qarışıq yem gətirilməsi və bir çox dəhşətli faktlar həmin illərin reallığı idi. Qanlı hadisələr Azərbaycan xalqını milli istiqlaldan məhrum olmağın bircə addımlığınadək gətirmişdi.
1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və rəhbərliyin dəvətini qəbul edib Bakıya qayıtdı. Onun hakimiyyətə dönüşü ölkəni vətəndaş müharibəsindən, parçalanmadan xilas etdi. 15 iyun 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın yeni tarixində dönüş nöqtəsi oldu. Bu gün Qurtuluş Günü kimi qeyd etdiyimiz bu tarix ölkəmizin sabitliyə, təhlükəsizliyə və inkişaf yoluna qədəm qoyduğu gündür.
Heydər Əliyevin rəhbərliyi ilə separatçılıq meyilləri yatırıldı, cinayətkar dəstələr zərərsizləşdirildi, 1994-cü ildə atəşkəsə nail olundu. Sabitlik və inkişaf mərhələsi başlandı. Onun dövlətçilik təcrübəsi, qətiyyəti və milli iradəyə söykənən siyasəti müstəqil Azərbaycan Respublikasının əsaslarını möhkəmləndirdi.
Daxili siyasətdə: • Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi; • Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı; • Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı; • İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi; • İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi; • Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı; • Ordu quruculuğunda mühüm addımlar atıldı. Enerji sahəsində:
• “Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar; • Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı; • Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi. Xarici siyasətdə: • İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu; • Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu. Heydər Əliyev yolu ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur. Bu gün respublikamızda dahi şəxsiyyətin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin qətiyyətlə davam etdirilməsi Azərbaycan xalqının xoşbəxtliyidir. Onun dediyi kimi: “İdarəçilik təcrübəsi olmayan adam dövlətə rəhbərlik edə bilməz.” Tarix də sübut etdi ki, gerçək liderlər sınaqlardan çıxaraq xalqın yaddaşında əbədi yaşayırlar.
Mən bir Azərbaycan gənci olaraq ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu yalnız tarixi bir miras kimi deyil, həm də şəxsi mənəvi məsuliyyətim kimi qəbul edirəm. Bu yolun davamçısı olmaq, Vətənimə xidmət etmək, ölkəmin gələcəyi üçün əzm və inamla çalışmaq mənim həyat məqsədimdir. Bu böyük yolun bir yolçusu olmaq mənim üçün həm şərəf, həm də öhdəlikdir.
Əfsanə İbrahimova
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının II KURS Tələbəsi