Image

Tramp İran limanlarına giriş-çıxışı qadağan edəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Trump İran limanlarına gəmilərin giriş və çıxışının qadağan ediləcəyini bəyan edib.

Ağ Ev rəhbəri bu barədə TruthSocial platformasında paylaşım edərək bildirib ki, müvafiq tədbirlər aprelin 13-də Şərq vaxtı ilə saat 10:00-da qüvvəyə minəcək.

Bundan əvvəl ABŞ-ın CENTCOM İrana qarşı tam dəniz blokadası tətbiq etmək niyyətini açıqlamışdı. Komandanlıq qeyd edib ki, tədbirlər İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə, milliyyətindən asılı olmayaraq, şamil ediləcək.

Tramp həmçinin ABŞ-ın Hörmüz boğazını blokadaya almaq planlarını da açıqlayıb. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə İrana rüsum ödəyən gəmiləri izləmək və saxlamaq, eləcə də ərazidəki minaları zərərsizləşdirmək tapşırılıb.

ABŞ prezidenti Tehranın mövqeyinə görə boğazdan sərbəst keçidin mümkün olmadığını bildirərək bunu “qlobal şantaj” kimi qiymətləndirib və ABŞ donanmasının döyüş hazırlığı vəziyyətinə gətirildiyini qeyd edib.

Hörmüz boğazı qlobal neft daşımalarının əsas marşrutlarından biridir və burada mümkün blokada beynəlxalq enerji bazarlarına ciddi təsir göstərə bilər.

Gülnar Nazimqızı 

Xəbər lenti

Brent neft bahalaşıb

Xəzərdə zəlzələ olub