AQEM baş katibi: Dialoq və əməkdaşlıq əsasdır
AQEM-a üzv ölkələrin nümayəndələri qarşılaşdıqları problemləri bölüşməklə yanaşı, onların həlli yolları və ən yaxşı təcrübələr barədə də fikir mübadiləsi aparırlar. Bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, konfrans çərçivəsində keçirilən ilk paneldə Asiyanın müxtəlif regionlarından olan nümayəndələr hökumətlər və vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilən tədbirlər, eləcə də müxtəlif maraqlı tərəflər arasında əməkdaşlıq imkanları barədə məlumat veriblər.
Sarıbay qeyd edib ki, tədbir iştirakçıları üzv dövlətlərdə mövcud olan çətinlikləri daha yaxşı anlamaq, həmçinin bu problemlərin icmalar tərəfindən qəbulunda ortaq məqamları müəyyən etmək imkanı əldə edirlər.
Baş katib vurğulayıb ki, AQEM-in nəzdində fəaliyyət göstərən Human Şurası yalnız hökumət nümayəndələrini deyil, həm də vətəndaş cəmiyyəti institutlarını bir araya gətirir.
“Bu, hökumətlərin vətəndaş cəmiyyətinin qaldırdığı məsələləri birbaşa dinləməsinə şərait yaradır”, - o deyib.
Onun sözlərinə görə, Şura təkcə milli səviyyədə deyil, eyni ölkə daxilində müxtəlif maraqlı tərəflər və icmalar arasında da dialoqu təşviq edir.
“Konfransın və ümumilikdə təşkilatımızın əsas məqsədi maraqlı tərəfləri bir araya gətirmək, müzakirələr aparmaq və hökumətlər, icmalar və digər tərəflər üçün faydalı tövsiyələr hazırlamaqdır”, — Sarıbay əlavə edib.
Baş katib qeyd edib ki, bu yanaşma AQEM-in əsas missiyasını təşkil edir.
Gülnar Nazimqızı