Image

Azərbaycan bank sektorunun aktivləri 2025-ci ildə 7.1% artıb

Azərbaycanın maliyyə sektoru 2025-ci ildə artımını davam etdirib, bank sektorunun aktivləri 7.1% artaraq 57.1 milyard manata, ümumi maliyyə sektorunun aktivləri isə 63.6 milyard manata çatıb. Bu barədə Mərkəzi Bank məlumat verib. 

Mərkəzi Bankın təqdim etdiyi maliyyə sabitliyi göstəricilərinə görə, sektorun aktivləri ümumi daxili məhsulun 50%-nə, qeyri-neft ÜDM-nin isə 36%-nə bərabər olub.

Hesabat dövründə ölkə iqtisadiyyatı da artım nümayiş etdirib. ÜDM real ifadədə 4%, qeyri-neft sektoru isə 3.2% artıb. Orta illik inflyasiya 5.2% təşkil edib.

Mərkəzi Bank bildirib ki, il ərzində tətbiq olunan pul və makroprudensial siyasət iqtisadi artıma və maliyyə sabitliyinə dəstək verib. Əhalinin nominal gəlirləri 8%, orta aylıq əməkhaqqı isə 30.2% artıb. Xarici ticarətdə müsbət saldo qorunub, strateji valyuta ehtiyatlarında artım müşahidə olunub.

Bank sistemində aktiv artımı əsasən fiziki şəxslərin müddətli əmanətləri hesabına formalaşıb. İl ərzində fiziki şəxslərin müddətli vəsaitləri 10% artıb, unikal əmanətçilərin sayı isə 19% yüksəlib.

Sektorun kapital mövqeyi də güclü olaraq qalır. Məcmu kapital adekvatlığı 19.2% təşkil edib ki, bu da minimum tələbləri üstələyərək potensial şoklara qarşı əlavə bufer yaradır.

N.Təbrizli

Xəbər lenti