Image

Deputat: Dövlət vəsaitlərində yüzmilyonluq pozuntular ciddi siqnaldır

Azərbaycanda dövlət vəsaitlərinin istifadəsi ilə bağlı aşkarlanan böyük həcmli pozuntular “ciddi həyəcan siqnalıdır”. Bu barədə Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Deputatın sözlərinə görə, audit nəticələrində 414,4 milyon manat uyğunluq pozuntusu, 626,3 milyon manat maliyyə təhrifləri və 342,9 milyon manat səmərəsiz xərclər qeydə alınıb. O qeyd edib ki, 170,4 milyon manatlıq zərər birbaşa dövlət büdcəsinə təsir edən ciddi məsələdir və konkret məsuliyyət doğurur.

Nurullayev vurğulayıb ki, bu cür rəqəmlərə baxmayaraq, hesabatlarda məsul şəxslərin adları və hüquqi nəticələr açıq şəkildə təqdim edilmir. “Ciddi sual yaranır: bu rəqəmlərə görə cavabı kim verəcək?” - deyə o bildirib.

Deputat 40,2 milyon manatlıq materialların hüquq-mühafizə orqanlarına göndərilməsini müsbət addım kimi qiymətləndirsə də, bunun yetərli olmadığını qeyd edib.

O, həmçinin 28,7 milyon manatlıq sosial ödənişlərlə bağlı qərarları narahatedici adlandıraraq bildirib ki, vəsaitlərin bərpası əvəzinə ödənişlərin dayandırılması sosial baxımdan mübahisəli yanaşmadır və məsuliyyətin vətəndaşların üzərinə yönəldilməsi təəssüratı yaradır.

Nurullayev dövlət vəsaitlərinin idarə olunmasında şəffaflığın, hesabatlılığın və fərdi məsuliyyət mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Gülnar Nazimqızı 

Xəbər lenti