Palata sədri bəzi hədəflərə tam nail olunmadığını açıqlayıb
Hesablama Palatası son 5 il üzrə fəaliyyətində bir sıra hədəflərə tam nail olunmadığını və bunun səbəblərini açıqlayıb.
Qurumun sədri Vüqar Gülməmmədov Milli Məclisdə çıxışı zamanı bildirib ki, qeyd olunan çatışmazlıqlar yeni hazırlanmış “2026–2030-cu illər üzrə Strateji Plan”da nəzərə alınıb.
Onun sözlərinə görə, informasiya sistemlərinin auditinin ayrıca aparılmaması əsas problemlərdən biri olub. Bu sahədə kadr potensialının məhdudluğu səbəbindən müvafiq hədəfə yalnız 87% səviyyəsində nail olunub. Hazırda bu istiqamətdə dövlət qurumları ilə birgə auditlərin həyata keçirilməsi planlaşdırılır.
Digər problem kimi dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiyanın təmin olunmaması göstərilib. 2025-ci ilin sonunadək nəticə əldə olunmasa da, artıq 5-dən çox dövlət qurumu ilə məlumat mübadiləsinə dair razılıq əldə edildiyi bildirilib.
Sədr əlavə edib ki, orta müddətli xərclər çərçivəsi üzrə islahatların davam etməsi fonunda bu sahədə ayrıca auditlərin aparılması mümkün olmayıb. Bunun səbəbi kimi islahatların tam başa çatmaması və audit obyektlərinin yeni mexanizmləri tam mənimsəməməsi göstərilib.
Bundan başqa, səmərəlilik auditlərinin ümumi audit portfelində payı hədəfə tam çatmasa da, bu istiqamətdə 93% nəticə əldə edilib. Gülməmmədov qeyd edib ki, auditlərin resurs tutumlu olması və performans büdcə mexanizmlərinin tam tətbiq edilməməsi bu sahədə əsas məhdudlaşdırıcı amillərdir.
Gülnar Nazimqızı