Kürdə suyun səviyyəsi artıb, Zərdabda bəzi yerləri su basıb
Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində son günlər suyun səviyyəsində artım müşahidə olunur.
Hazırda yaşayış məntəqələri üçün ciddi təhlükə yoxdur.
Fövqəladə Hallar Komissiyasının sədri Ramo Hacıyev bildirib ki, Kürün mühafizə bəndinə qədər olan subasar ərazilər su altında qalsa da, hazırkı vəziyyət təhlükəli hədd hesab edilmir: "Kürdə suyun səviyyəsinin təhlükəli həddə çatması üçün suyun hazırkı səviyyədən təxminən 1–1,5 metr yüksəlməsi lazımdır".
Qeyd edilib ki, subasar ərazilərdə əsasən əkin sahələri yerləşir. Bundan əlavə, 1960–1970-ci illərdə tikilmiş 2 fərdi yaşayış evinin həyətinə və zirzəmilərinə su dolub. Həmin evlərdə anoloji vəziyyət hər il suyun səviyyəsinin artdığı dövrlərdə baş verir. Eyni zamanda, mühafizə bəndi ilə Kür çayı arasındakı əkin sahələri də su altında qalıb. Buna baxmayaraq, əsas mühafizə bəndi üçün hər hansı təhlükə yoxdur.
Komissiya sədrinin sözlərinə görə, rayonun Əlibəyli kəndi ərazisində bəndin daxilində, Kürə yaxın hissədə yerləşən suyun qalxması nəticəsində iki ev üçün qismən təhlükə yaranıb. Artıq həmin ailələrin təhlükəsizliyi məqsədilə qohumlarının evinə köçürülməsi təmin edilib. Hazırda isə yaşayış məntəqələri üçün ciddi təhlükə qeydə alınmayıb və vəziyyət nəzarət altındadır.