Azərbaycanda məktəblərdə kütləvi yoxlamalara başlanılıb
Azərbaycanın bir sıra regionlarında məktəblərdə yuxarı sinif şagirdləri arasında kütləvi yoxlamalara start verilib, məqsəd qadağan olunmuş əşyaların aşkarlanması və təhlükəsizliyin gücləndirilməsidir.
Anews.az-ın əldə etdiyi məlumata görə, yoxlamalar əsasən Abşeron yarımadası və ətraf ərazilərdə yerləşən təhsil müəssisələrini əhatə edir. Mühafizə və nəzarət əməkdaşları şagirdlərin çantalarını və üzərlərində olan əşyaları yoxlayaraq kəsici-deşici alətlər, tütün məmulatları və digər təhlükəli vasitələrin olub-olmamasını araşdırır.
Yoxlamalar çərçivəsində yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar dərs prosesində siniflərə daxil olaraq şagirdlər üzərində baxış keçirir. Qadağan olunmuş əşyalar aşkar edilən hallarda şagirdlər əlavə araşdırma üçün ayrılır, məktəb rəhbərliyi və valideynlər məlumatlandırılır.
Son günlər müəllimlər valideynlərə müraciət edərək uşaqların məktəbə getməzdən əvvəl çantalarının yoxlanılmasını tövsiyə edir.
Son həftələrdə təhsil müəssisələrində baş verən insidentlər, o cümlədən Bakı şəhərində 286 nömrəli məktəbdə baş verən ağır hadisə məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini aktuallaşdırıb. Rəsmi qurumlar bu addımların şagirdlər arasında risklərin azaldılmasına və mümkün zorakılıq hallarının qarşısının alınmasına yönəldiyini bildirir.
Aytac Zeynalova