“Caspian Agro Week” sərgisində xarici ölkələrin sayında təxminən 50 faiz artım var- Anar Cəfərov
Bakıda keçirilən “Caspian Agro week” sərgisinin formatı genişləndirilərək artıq daha uzunmüddətli və əhatəli platformaya çevrilib. Bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov deyib.
Onun sözlərinə görə, ötən ildən etibarən sərginin 4 gün davam etməsi iştirakçıların marağını əhəmiyyətli dərəcədə artırıb.
" “Caspian Agro week” artıq dövlət və özəl sektor, eləcə də yerli və xarici şirkətlər arasında mühüm əməkdaşlıq platforması kimi formalaşıb. Bu səbəbdən sərginin müddətinin artırılması gözlənilən addım olub. Ötən il keçirilən sərgidə xarici ölkələrin iştirakına böyük maraq göstərilib. Bu il isə xarici ölkələrin sayında təxminən 50 faiz artım müşahidə olunub. Xarici ölkələrin sərgidə iştirakı onların məhsullarını daha geniş təqdim etməsinə və yerli bazarla əməkdaşlığın güclənməsinə şərait yaradır",- Sədr vurğulayıb.
Cəfərov əlavə edib ki, sərginin əsas istiqamətlərindən biri də rəqəmsallaşma və innovativ həllərin təqdimatıdır. Bu il bir çox yerli və xarici şirkət stendlərində müasir texnologiyalar və rəqəmsal həllər nümayiş etdirilir. Həmçinin ilk dəfə olaraq sərgi çərçivəsində bir həftə ərzində 5 forum və xarici ölkələrin nazirlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Bu tədbirlər aqrar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Aytac Zeynalova