Image

Azərbaycanda gömrük nümayəndələrinin reyestri yaradılacaq

Azərbaycanda gömrük nümayəndəliyi institutu islah olunacaq, “gömrük brokeri” anlayışı “dolayı gömrük nümayəndəsi” anlayışı ilə əvəzlənəcək və bu sahədə lisenziyalaşdırma ləğv ediləcək. Bununla bağlı uyğun dəyişikliklərin mayın 1-də Milli Məclisdə müzakirəyə çıxarılması nəzərdə tutulur. Layihəyə əsasən, dolayı gömrük nümayəndəsi kimi fəaliyyət göstərmək üçün artıq lisenziya tələb olunmayacaq, bunun əvəzinə həmin şəxslər xüsusi reyestrə daxil edilməlidir.

Reyestr gömrük orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək. Gözlənilir ki, bu addım xarici ticarət iştirakçıları üçün xidmətlərə çıxışı asanlaşdıracaq və bazarda rəqabəti gücləndirəcək. Dolayı gömrük nümayəndəliyi hüquqi şəxslər tərəfindən həyata keçiriləcək. Gömrük nəzarəti və rəsmiləşdirilməsi zamanı onlar malları gömrük sərhədindən keçirən şəxsin bütün öhdəliklərini yerinə yetirəcək və müvafiq məsuliyyət daşıyacaqlar. Gömrük bəyannamələri və digər sənədlər bəyannaməçi qismində çıxış edən hüquqi şəxs tərəfindən elektron formada təqdim olunacaq. Dəyişikliklər birbaşa gömrük nümayəndəliyi institutunun da tətbiqini nəzərdə tutur. Bu fəaliyyət təmsil olunan şəxs tərəfindən verilmiş etibarnamə əsasında fiziki şəxslər tərəfindən həyata keçiriləcək. Layihə müəlliflərinin fikrincə, bu, xarici iqtisadi fəaliyyət iştirakçıları üçün əlavə imkanlar yaradacaq. Bundan başqa, gömrük daşıyıcıları üçün tələblərin sadələşdirilməsi təklif olunur. Hazırda bu fəaliyyətlə yalnız lisenziya almış hüquqi şəxslər məşğul ola bilirlərsə, dəyişiklikdən sonra həm hüquqi şəxslər, həm də fiziki şəxs sahibkarlar gömrük daşıyıcısı ola biləcəklər. Bu sahədə də lisenziyalaşdırma ləğv ediləcək. Səlahiyyətli orqan gömrük daşıyıcılarının siyahısını rəsmi internet səhifəsində aparacaq, dərc edəcək və mütəmadi yeniləyəcək. Gözlənilir ki, bu, bazarın şəffaflığını artıracaq və iştirakçıların elektron tarixçəsinin formalaşdırılmasına imkan verəcək. Layihə həmçinin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımının tutulmasını nəzərdə tutur.

N.Təbrizli

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb

Bitcoin bahalaşıb