Image

Azərbaycan rəqəmsal media üçün təhlükəsiz infrastruktur qurur - nazir müavini

Azərbaycan mediası və ictimaiyyətin effektiv fəaliyyət göstərə biləcəyi təhlükəsiz və dayanıqlı rəqəmsal infrastruktur qurmağı hədəfləyir. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib. Onun sözlərinə görə, rəqəmsallaşma, süni intellektin tətbiqi və data mərkəzlərinin yaradılması ölkələrin gələcək inkişafını müəyyən edən əsas amillərə çevrilib. “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq əsas hədəfimiz medianın və ictimaiyyətin effektiv fəaliyyət göstərə biləcəyi güclü rəqəmsal magistralın qurulmasıdır,” Əsədov deyib. Nazir müavini bildirib ki, rəqəmsal inkişaf medianın informasiya toplamaq, emal etmək və yaymaq imkanlarını genişləndirib, süni intellekt isə böyük həcmdə məlumatın təhlilini və tendensiyaların müəyyənləşdirilməsini sürətləndirib. Əsədovun sözlərinə görə, ölkədə rəqəmsal inkişafın yeni mərhələsində əsas yanaşma ayrı-ayrı layihələrdən vahid və proaktiv sistemə keçiddir. O, rəqəmsal medianın inkişafı üçün üç əsas istiqaməti qeyd edib: infrastrukturun gücləndirilməsi, süni intellekt və data həllərinin inkişafı, eləcə də kiberdavamlılıq və informasiya təhlükəsizliyinin təmin edilməsi. “İnformasiya axını artdıqca onun təhlükəsizliyi daha kritik əhəmiyyət kəsb edir. Rəqəmsal platformalarda baş verən proseslərin manipulyasiyalardan qorunması üçün güclü kiber müdafiə sistemlərinin tətbiqi zəruridir,” Əsədov bildirib. Onun sözlərinə görə, genişzolaqlı internet layihələri regionlarda yaşayan vətəndaşların ictimai proseslərdə iştirak imkanlarını genişləndirir və informasiyanın daha əlçatan olmasına xidmət edir. Gülnar Nazimqızı

Xəbər lenti

İlqar Əliyev vəfat edib