Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində olublar
Diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərinin ikinci günü Şuşa şəhərindən başlayıb.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə diplomatlar inşası davam edən Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar.
Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov layihə barədə məlumat verərək bildirib ki, məscidin təməli 2021-ci ildə qoyulub. Onun sözlərinə görə, tikilinin forması və minarələri şəhərin işğaldan azad olunması ilə bağlı tarixləri simvolizə edəcək.
Diplomatlar daha sonra şəhərdə yerləşən Qazançı kilsəsini ziyarət ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Milli Xalça Muzeyinin Şuşa filialına da baş çəkib. Bildirilib ki, XIX əsrin ikinci yarısına aid bina işğal dövründə zərər gördüyü üçün 2021-ci ildən Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.
Rəsmi məlumata görə, 1992-ci ildə filialın kolleksiyasındakı eksponatların bir hissəsi təhlükəsizlik məqsədilə Bakıya köçürülmüşdü. Hazırda muzeydə həm həmin nümunələr, həm də son illərdə toplanmış eksponatlar nümayiş etdirilir.
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri iki gün davam edir və bölgədə aparılan bərpa işləri ilə tanışlıq məqsədi daşıyır.