IELS 2025-də iştirak edən uşaqların 15%-i rus bölməsində təhsil alanlardır - Elnur Əliyev
Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatında (IELS 2025) iştirak edən 2731 nəfər 5 yaşlı uşağın təxminən 15%-i rus bölməsində təhsil alan uşaqlar olub. Bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev anews.az-ın sualını cavablandırarkən bildirib. “Uşaqların seçimi həm bağça, həm də ümumi təhsil müəssisələri üzrə təsadüfi əsasda aparılır. Ümumi iştirakçıların təxminən 15%-i, yəni 410-a yaxın uşaq rus dilində təhsil alan uşaqlar olub”, - o deyib. Əliyevin sözlərinə görə, tədqiqatda ümumilikdə 208 təhsil müəssisəsi iştirak edib. Prosesə Bakı və Sumqayıtdan 2731 nəfər 5 yaşlı uşaq, 2689 valideyn və 817 təhsilverən cəlb olunub. Tədqiqatda 6 özəl təhsil müəssisəsi də iştirak edib. İmtahan mərhələsində iştirak edən uşaqların 1311-i qız, 1420-si isə oğlan olub. Bu, müvafiq olaraq 47,9% və 52,1% təşkil edir. Gülnar Nazimqızı
Mənbə: anews.az