Image

Komando, HHQ və HDQ: jurnalistlər orduda təlim-treninqdə iştirak edib -REPORTAJ

Səhər saatları idi. Müdafiə Nazirliyinin həyətində toplaşan media nümayəndələrinin üzündə həm maraq, həm də müəyyən qədər həyəcan hiss olunurdu. Qarşıdakı beş gün adi ezamiyyətdən fərqli olacaqdı. Bu dəfə jurnalistlər xəbər ardınca deyil, ordunun gündəlik həyatını yaxından görmək üçün hərbi hissələrə yollanırdılar.

Təlim-treninq Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində başladı. İlk gündə hərbi mövzuda informasiyanın dəqiqləşdirilməsi, media savadlılığı və operativ xəbərin hazırlanması barədə danışıldı. Auditoriyada səslənən fikirlərdən bir mesaj aydın hiss olunurdu: müasir dövrdə informasiya da təhlükəsizlik məsələsidir.

Media nümayəndələrini qarşılayan hərbi hissə komandiri əvvəlcə bölmənin keçdiyi döyüş yolundan danışdı. 44 günlük Vətən müharibəsinin adı çəkilən anda zabitlərin səsində xüsusi qürur hiss olunurdu.

Sonra hərbi hissə ilə tanışlıq başladı.

İlk dayanacaq tibb məntəqəsi oldu. Burada hər şey steril və qaydalara uyğun idi. Müasir avadanlıqlarla təchiz olunan məntəqədə şəxsi heyətin müalicəsi və müayinəsi üçün bütün imkanların yaradıldığı bildirildi. Sinif otaqlarında isə tam başqa atmosfer vardı. Divarlarda xəritələr, taktiki sxemlər, müxtəlif hərbi təlim materialları yerləşdirilmişdi. Burada hərbi qulluqçular nəzəri biliklər əldə edir, sonra həmin bilikləri praktiki məşqlərdə tətbiq edirlər.

Daha sonra bizi texnikaların saxlanıldığı “boks”a apardılar. Sıralanan zirehli texnikalar və xüsusi təyinatlı nəqliyyat vasitələri döyüş hazırlığının əsas elementlərindən biri idi.

Hər bir texnikanın yanında dayanan hərbçilər onların imkanları barədə ətraflı məlumat verirdilər.

Akt zalında HDQ-nin tarixi və fəaliyyəti barədə məlumat verildikdən sonra jurnalistlərə şərti əməliyyat nümayiş etdirildi. Ssenariyə görə, terrorçuların nəzarətində olan gəmi xüsusi təyinatlı hərbi qulluqçular tərəfindən azad edilirdi.

Sürətli manevrlər, koordinasiyalı hərəkətlər və əmrlərin dəqiq icrası izləyənlərin diqqətini çəkirdi. Bir neçə dəqiqə davam edən əməliyyat orduda xüsusi hazırlığın hansı səviyyədə olduğunu göstərirdi.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti