Rubinyan: Ermənistan-Türkiyə arasında birbaşa ticarət üçün yeni imkan yaranıb
Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində Türkiyədə tətbiq edilən yeni tənzimləmə iki ölkə arasında ticarət prosedurlarını sadələşdirib. Bunu Ermənistanda parlament sədrinin müavini Ruben Rubinyan bildirib.
Onun sözlərinə görə, artıq Ermənistandan üçüncü ölkə vasitəsilə Türkiyəyə və ya Türkiyədən Ermənistana göndərilən malların mənşəyini və son təyinat yerini “Ermənistan-Türkiyə” kimi göstərmək mümkün olacaq.
Rubinyan bunu iki ölkə arasında ticarət əlaqələrinin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirib.
“Biz Gümri-Qars dəmir yolu da daxil olmaqla, sərhədin açılması istiqamətində işlərimizi davam etdiririk”, - o bildirib.
Hazırda Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur və quru sərhədi 1993-cü ildən bağlıdır. Son illərdə tərəflər münasibətlərin normallaşdırılması istiqamətində xüsusi nümayəndələr təyin edib və bir neçə görüş keçiriblər.
2022-ci ildə iki ölkə üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılması və birbaşa yük hava daşımalarının başlanması barədə razılığa gəlib. Gümri-Qars dəmir yolunun mümkün açılışı regionda nəqliyyat və ticarət əlaqələrinin bərpası baxımından əsas layihələrdən biri hesab olunur.
Gülnar