Image

AŞPA: Ermənistanda seçkilər xarici müdaxilə və təzyiqlərdən uzaq keçirilməlidir

Avropa Şurası Parlament Assambleyası 7 iyun 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinin “qorxu, xarici müdaxilə və inzibati resurslardan sui-istifadədən uzaq mühitdə” baş tutmalı olduğunu bəyan edib.

11-12 may tarixlərində İrəvanda səfərdə olan AŞPA-nın seçkiqabağı nümayəndə heyəti yaydığı açıqlamada Ermənistanın siyasi və informasiya məkanına yönələn xarici təsirlərin “daha mürəkkəb və sistemli xarakter aldığını” bildirib.

Bəyanata görə, nümayəndə heyətinə qanunsuz siyasi maliyyələşdirmə, kiberhücumlar, iqtisadi təzyiq və seçki prosesini manipulyasiya cəhdləri barədə məlumat verilib. Sənəddə, həmçinin Rusiyadan olan erməni diasporunun səsverməyə cəlb edilməsi ilə bağlı təşəbbüslər və müxalifət tərəfindən maliyyə təşviqləri haqda iddiaların səsləndirildiyi qeyd olunub.

AŞPA Ermənistan hakimiyyətini xarici müdaxilələrə qarşı institusional müdafiəni gücləndirməyə, siyasi maliyyələşmədə şəffaflığı artırmağa və bütün siyasi qüvvələr üçün bərabər seçki şəraiti yaratmağa çağırıb.

Nümayəndə heyəti sosial şəbəkələrdə manipulyativ kampaniyalar, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarına qarşı dezinformasiya, eləcə də “xarici agent” ittihamlarının ictimai etimadı sarsıtdığını vurğulayıb.

Sənəddə artan siyasi qütbləşmə, dövlət institutlarına inamın zəifləməsi, seçki rüşvətxorluğu və inzibati resurslardan istifadəyə dair iddiaların da narahatlıq doğurduğu qeyd edilib. AŞPA, həmçinin Ermənistan Apostol Kilsəsinin siyasətdə “görünməmiş iştirakını” xüsusi vurğulayıb.

Nümayəndə heyəti seçki bütövlüyünün qorunması üçün milli qurumlar, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar arasında koordinasiyanın vacibliyini qeyd edib.

AŞPA bildirib ki, seçkiləri müşahidə etmək üçün ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Parlamenti ilə birlikdə tamhüquqlu müşahidə missiyası göndəriləcək.

Aytac 

Xəbər lenti