Image

Azərbaycanda banklar müştərilərə daha fərdiləşdirilmiş kreditlər təklif edə biləcək

Azərbaycanda banklar açıq bankçılığın inkişafı ilə müştərilərə daha fərdiləşdirilmiş kredit məhsulları təklif edə biləcək, Azərbaycan Mərkəzi Bankının rəsmisi bildirib.

AMB-nin Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib ki, bu sistem müştərilərə müxtəlif banklardakı hesabları üzrə məlumatları bir tətbiqdə görməyə imkan verəcək.

Onun sözlərinə görə, açıq bankçılıq banklara müştərinin real gəlirləri və ümumi dövriyyəsi əsasında daha dəqiq kredit təklifləri formalaşdırmağa şərait yaradacaq.

“Hazırda bank 500 manat maaş alan müştəriyə də, 5,000 manat maaş alan müştəriyə də eyni kredit limiti təklif edə bilər. Açıq bankçılıq şəraitində isə bank müştərinin faktiki gəlirlərini görərək ona fərdi təklif verə biləcək,” Didəkənan deyib.

O əlavə edib ki, sistem müştərinin müxtəlif banklardakı əməkhaqqı və qeyri-əməkhaqqı gəlirlərini nəzərə almağa imkan verəcək.

AMB rəsmisinin sözlərinə görə, bu, yalnız rəsmi maaş deyil, ümumi maliyyə dövriyyəsi əsasında kredit ayrılmasına imkan yaradacaq.

Didəkənan bildirib ki, açıq bankçılıq ödənişlərin ölkə daxilində lokal icrasına da şərait yaradacaq və maliyyə məlumatlarının xaricə ötürülməsini azaldacaq.

N.Təbrizli

Xəbər lenti

Bu yol 2 gün bağlı olacaq