BMT rəsmisi Qlobal Cənub Platformasının NAM-la əməkdaşlığını təklif edib
Qlobal Cənub Platformasının Qoşulmama Hərəkatının (NAM) qeyri-hökumət təşkilatları şəbəkəsinə çevrilməsi imkanları nəzərdən keçirilməlidir. Bunu Luis Qalyeqos Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib. Onun sözlərinə görə, dünya çoxşaxəli böhran dövründən keçir və siyasi, iqtisadi, ticarət və sosial qarşıdurmalar milyonlarla insanın rifahına mənfi təsir göstərir. “Yalnız müharibələr insanları öldürmür. İqtisadi baryerlər də xalqların rifahını zəiflədir, aclıq və ümidsizlik yaradır,”- Qalyeqos bildirib.
O qeyd edib ki, süni intellekt və yeni texnologiyalar bəşəriyyətin rifahı naminə istifadə olunmalı, onların yaratdığı risklərin qarşısını almaq üçün beynəlxalq qaydalara əsaslanan sistem formalaşdırılmalıdır. Qalyeqos bildirib ki, Qoşulmama Hərəkatı tarixən ölkələrin qlobal platformalarda qarşıdurmadan uzaq, ortaq mövqedən çıxış etməsi üçün yaradılıb və bu gün də sülh, insan hüquqları və rifah naminə vacib platforma olaraq qalır. O, Qlobal Cənub Platformasının gələcəkdə NAM çərçivəsində QHT şəbəkəsi kimi fəaliyyət göstərməsi imkanlarının araşdırılmasını təklif edib. Gülnar Nazimqızı