ABB Invest maliyyə savadlılığını artırmaq üçün “Investube” layihəsini təqdim edib
ABB Invest investorların maliyyə savadlılığının artırılması məqsədilə “Investube” adlı yeni maarifləndirici layihəyə başlayıb.
Şirkət nümayəndələri bildiriblər ki, layihə çərçivəsində kapital bazarı ilə bağlı terminlər və investisiya anlayışları sadə dildə izah olunacaq, videolar isə əsasən YouTube platformasında yayımlanacaq. “Kapital bazarı haqqında əhalinin maarifləndirilməsi artmasa, iqtisadiyyatın inkişafında müəyyən çətinliklər yarana bilər. Biz düşünürük ki, kapital bazarı vasitəsilə maliyyələşmə iqtisadi artıma ciddi töhfə verəcək,” şirkət nümayəndəsi tədbirdə deyib.
Məlumata görə, layihə çərçivəsində hər ay müxtəlif mövzularda qısa videolar hazırlanacaq. Şirkət rəqəmsal platformalarda 2-3 dəqiqəlik qısa video formatına üstünlük verdiyini bildirib.
ABB Invest həmçinin universitetlərlə əməkdaşlıq etdiyini açıqlayıb. Şirkət nümayəndələri bildiriblər ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə maarifləndirmə layihələri həyata keçirilir və sentyabrdan yeni tədris proqramına start veriləcək.
Bundan əlavə, Qarabağ Universiteti ilə də ilkin razılaşma əldə olunub.
N.Təbrizli