Image

Bu ərazilərə metro tiksək, insanlar şəhərə axışacaqlar - Metropolitenin sədri

Yeni metro stansiyalarının tikintisi ilə bağlı qərarlar şəhərin nəqliyyat yükü və inkişaf perspektivləri nəzərə alınaraq mərhələli şəkildə verilir. Bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirib.

“Metro elə bir nəqliyyat növüdür ki, həm sürətinə, həm intervalına, həm rahatlığına görə hər kəs evinin yaxınlığında istəyir. Amma metro tikintisi ən çox investisiya tələb edən infrastruktur obyektidir”,- Aslanov bildirib.

Onun sözlərinə görə, Bakı şəhərinin rəqəmsal eskizi hazırlanıb və burada bütün nəqliyyat, infrastruktur, yaşayış və iş yerləri, eləcə də perspektiv inkişaf istiqamətləri əks olunub.

“Bütün inkişaf perspektivləri simulyasiya olunur və ona əsasən biz yeni metro stansiyalarının yerini müəyyənləşdirməyə çalışırıq”, - sədr qeyd edib.

Aslanov bildirib ki, Binəqədi, Bakıxanov, Qaraçuxur və Yeni Yasamal kimi ərazilərdə metro stansiyalarının açılması şəhər mərkəzinə sərnişin axınını daha da artıra bilər.

“Həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində onsuz da çox yüklənmiş infrastrukturumuz tamamilə iflic vəziyyətinə düşə bilər”, - o deyib.

Sədr əlavə edib ki, ilkin məqsəd şəhər mərkəzini alternativ istiqamətlərlə şaxələndirmək, daha sonra isə digər əraziləri həmin şəbəkəyə qoşmaqdır.

Aslanovun sözlərinə görə, Xırdalan və Masazır istiqamətləri ilə bağlı tələbat yüksək olsa da, həmin əraziləri birləşdirəcək uyğun metro xətti hazırda mövcud deyil.

“Yaşıl xətt onsuz da doludur və interval problemi var. Bənövşəyi xətt isə çox qısa olduğu üçün ümumi sərnişin axınının yalnız 3 faizini daşıyır”, - o bildirib.

Onun sözlərinə görə, gələcəkdə Bənövşəyi xəttin uzadılması və şəhər mərkəzinə inteqrasiyası nəticəsində Sumqayıt, Xırdalan və Masazır istiqamətindən gələn sərnişinlər “Xocasən” və “Avtovağzal” stansiyaları vasitəsilə metrodan daha rahat istifadə edə biləcəklər.

Gülnar Nazimqızı 

Xəbər lenti

Kiyevdə matəm elan edilib