Image

BMT rəsmisi: 2030-cu ilədək şəhərlərdə su ehtiyatlarına təzyiq artacaq

2030-cu ilədək urbanizasiyanın sürətlənməsi şəhərlərdə su ehtiyatlarına təzyiqi artıracaq. Bunu BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi Retno Marsudi Bakıda keçirilən WUF13 çərçivəsində GWOPA Assambleyasında bildirib.

Onun sözlərinə görə, dünyada 2,2 milyard insan təhlükəsiz içməli suya, 3,5 milyard insan isə təhlükəsiz idarə olunan sanitariya xidmətlərinə çıxışdan məhrumdur.

Marsudi bildirib ki, 2015-ci ildən bəri 961 milyon insan təhlükəsiz içməli suya, 1,2 milyard insan sanitariya xidmətlərinə, 1,6 milyard insan isə əsas gigiyena xidmətlərinə çıxış əldə edib.

“Hazırda dünyanın 100 ən böyük şəhərinin yarısı yüksək səviyyəli su qıtlığı yaşayır. 2030-cu ilədək dünya əhalisinin 60%-dən çoxunun şəhərlərdə yaşayacağı gözlənilir ki, bu da şəhərlərdə su ehtiyatlarına daha çox təzyiq göstərəcək,” o deyib.

Marsudi su operatorları və kommunal xidmət müəssisələrinin hamı üçün təhlükəsiz içməli su və sanitariya təminatında əsas rol oynadığını bildirib.

Xəbər lenti

Faktiki hava açıqlanıb