Rathore: Pakistan plansız urbanizasiya və ekoloji problemlərlə üzləşir
Pakistan ekoloji deqradasiya, planlaşdırılmamış urbanizasiya və əlverişli mənzil çatışmazlığı kimi ciddi problemlərlə üzləşir.Bunu Pakistan Gənclər Təşkilatının prezidenti Sana Ullah Rathore Bakıda keçirilən WUF13- Forumunda bildirib. Onun sözlərinə görə, ölkədə sürətli və plansız şəhər genişlənməsi ekoloji problemləri daha da dərinləşdirir, nəqliyyat infrastrukturu isə artan əhali yükünə cavab vermir. Rathore xüsusilə Gucranvala şəhərindəki vəziyyətə diqqət çəkib. O bildirib ki, “güləşçilər şəhəri” kimi tanınan Gucranvalanın əhalisi 5 milyondan çoxdur və şəhər mənzil, nəqliyyat və şəhər xidmətləri sahəsində ciddi təzyiqlərlə qarşılaşır. “Gucranvala Olimpiya Oyunları, Asiya Oyunları və digər beynəlxalq yarışlarda medal qazanan çoxsaylı idmançılar yetişdirib”, - o qeyd edib. Pakistan Gənclər Təşkilatının prezidenti bildirib ki, təşkilat davamlı şəhər inkişafı və iqlim fəaliyyəti istiqamətində gənclərin iştirakı ilə müxtəlif təşəbbüslər həyata keçirir. Onun sözlərinə görə, layihələr ətraf mühitin qorunması, iqlim dəyişikliklərinə qarşı mübarizə, ictimai maarifləndirmə və daha inklüziv şəhər planlaşdırılmasının təşviqinə yönəlib. Gülnar Nazimqızı