S&P DavrBankınCreditWatch siyahısına daxil edib
ABB Özbəkistanın DavrBankında 51%-lik nəzarət səhm paketini almağı planlaşdırdığını açıqladıqdan sonra S&P Global Ratings bankın uzunmüddətli “B” emitent kredit reytinqini müsbət gözləntilərlə CreditWatch siyahısına daxil edib. Agentlik DavrBankın qısamüddətli “B” reytinqi üzrə proqnozu da “müsbət” kimi müəyyən edib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov mayın 8-də bildirib ki, sövdələşmə üzrə sənədləşmə yaxın aylarda başa çatdırılacaq və ABB 2026-cı ilin ikinci yarısından Özbəkistan bazarında ABB Davr Bank brendi ilə fəaliyyətə başlayacaq. S&P hesab edir ki, satınalma tamamlandıqdan sonra DavrBank ABB Maliyyə Qrupunun dəstəyindən faydalanacaq.