Hökumətlər mənzil siyasətinə daha çox vəsait ayırmalıdır - BMT
Qlobal mənzil böhranının həlli üçün hökumətlər mənzil siyasətini milli büdcələrin və inkişaf strategiyalarının mərkəzinə yerləşdirməlidirlər. Bunu BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbax bildirib. O, Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində çıxışı zamanı qeyd edib ki, mənzil məsələsi yalnız sosial deyil, həm də iqtisadi, ekoloji və şəhərsalma aspektlərini özündə birləşdirən mürəkkəb bir ekosistemdir. Rossbaxın sözlərinə görə, effektiv mənzil siyasəti üçün yerli icmaların, bələdiyyələrin, vətəndaş cəmiyyətinin, akademik dairələrin və dövlət qurumlarının əməkdaşlığı vacibdir. “Əsas maliyyə resursları milli büdcələrdə cəmləşir. Buna görə də hökumətlər mənzil siyasətinə daha çox vəsait ayırmaq üçün siyasi iradə və cəsarət nümayiş etdirməlidirlər,” o bildirib. UN-Habitat rəhbəri vurğulayıb ki, heç bir ölkə daxili maliyyə resurslarından istifadə etmədən genişmiqyaslı mənzil və infrastruktur problemlərini həll edə bilməyib. Onun sözlərinə görə, şəhərlərin mənzil planlaşdırmasını dəstəkləyən yeni qanunvericilik və siyasət mexanizmlərinə ehtiyac var. Bu istiqamətdə UN-Habitat üzv dövlətlərlə birlikdə mənzil siyasəti üzrə tövsiyələr hazırlayır və qlobal bilik mübadiləsini təşviq edir. Rossbax əlavə edib ki, xüsusilə inkişaf etməkdə olan ölkələrdə yerli hakimiyyətlərin maliyyə imkanlarının məhdud olması mənzil layihələrinin həyata keçirilməsini çətinləşdirir. Buna görə də hökumətlər, yerli hakimiyyətlər, akademik dairələr, icmalar və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir.
Gülnar Nazimqızı
Mənbə: anews.az