İşğaldan azad olunmuş ərazilərdə bərpa koordinasiyalı şəkildə aparılır - Vahid Hacıyev
İşğaldan azad olunmuş ərazilərdə minlərlə evin tikintisi, eləcə də səhiyyə, təhsil və nəqliyyat infrastrukturunun yaradılması böyük vaxt və resurs tələb edir. Bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
Onun sözlərinə görə, doğma torpaqlarına qayıtmağı gözləyən keçmiş məcburi köçkünlər prosesin daha sürətli həyata keçirilməsini istəyirlər.
“Bir evin tikintisinin nə qədər vaxt apardığını hamımız bilirik. Təsəvvür edin ki, məcburi köçkünlər üçün minlərlə ev tikilməli, eyni zamanda səhiyyə sistemi, məktəblər, yollar, dəmir yolları və digər vacib infrastruktur yaradılmalıdır. Bu proses vaxt tələb edir, amma insanlar öz doğma torpaqlarına mümkün qədər tez qayıtmaq istəyirlər”, - o qeyd edib.
Hacıyev bildirib ki, hökumət bu səbəbdən operativ və koordinasiyalı yanaşma tətbiq edir.
“Biz bütün dövlət qurumlarını bir araya gətirən institusional çərçivə yaratmışıq. Bu mexanizm şəhər və kəndlərin harada və necə qurulacağını təhlil edir, bütün fəaliyyətləri koordinasiya edir. Son illərdə həyata keçirilən işlərin əsasında da məhz bu yanaşma dayanır”, - o əlavə edib.
Gülnar Nazimqızı
Mənbə: anews.az